“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. "Aris"də həmçinin”.
İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev deyib.
UEFA Konfrans Liqasının II mərhələsində “Aris”lə qarşılaşacaq komanda hazırlığını davam etdirir. Təcrübəli futbolçu klubun mətbuat xidmətinə şansları dəyərləndirib: “Yunan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir. “Aris” haqqında az da olsa məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq”.
O bildirib ki, Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşür, azarkeşlərin, futbol ictimaiyyətinin komandadan nə istədiyini anlayırlar: “Yaxşı heyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzimkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik. Yenə deyirəm, indi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcək”.
Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris”lə ilk matçı iyulun 24-də Bakıda, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.
İdman.biz