Əfran İsmayılov: "Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı"

Xəbərlər
7 İyun 2025 10:39
46
Əfran İsmayılov: "Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı"

"Hazırda bizə bütün oyunlarda qələbə lazımdır".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

36 yaşlı keçmiş yarımmüdafiəçi yığmanın bu gün Latviya seçməsinə qarşı keçirəcəyi yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb: "Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı. Baş məşqçi yetəri qədər futbolçuları tanıyır. Artıq bizə nəticə lazımdır. Qələbə qazana bilmirik deyə oyunçularda motivasiya yoxdur. Məğlubiyyət də bizi qəmginliyə gətirib çıxarır və növbəti matçlara ciddi hazırlaşa bilmirik. Ona görə də Latviya ilə görüşdə mütləq qələbə qazanmaq lazımdır. Motivasiyanı qaldırmalıyıq ki, rəsmi qarşılaşmalara normal şəkildə çıxa bilək".

İsmayılov millinin sonuncu qələbəsinin 1 il əvvəl qeydə alındığını xatırladıb: "Bu, həqiqətən çox üzücü haldır. Ona görə də yalnız qalibiyyət haqda düşünürük. Qələbənin əsas amili bu ola bilər ki, kollektiv bir yerə yığılsın, bütün bunları fikirləşsin. Düşünsünlər ki, sonuncu dəfə bir il əvvəl qalib gəlmişik. Latviya da dişimizə uyğun rəqibdir. Mütləq ən yaxşı oyunlarımızdan birini bu gün sərgiləməliyik. Növbəti rəqib isə Macarıstandır. Nə qədər güclü olsalar da, çalışmalı və vuruşmalıyıq. Ən azı heç-heçə əldə edə bilərik. Belə yanaşma olsa, yavaş-yavaş özümüzə gələ bilərik".

Millinin sabiq üzvü komandadakı liderlərin də önəmli rol oynadığını söyləyib: "Lider varsa, önə keçməlidir. Komandanı yığmalıdır. Məşqçi bir tərəfə, oyunçular özləri birlikdə motivasiyaları, arzuları hesabına komandanı daha da irəli apara bilərlər".

Qeyd edək ki, bu gün Riqada baş tutacaq Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

İdman.biz