Fransa millisinin sabiq baş məşqçisi, yığma ilə birgə 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının gümüş mükafatçısı Raymon Domenek DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Fransa komandaları arasında keçiriləcək oyunlar haqqında danışıb.
İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a eksklüziv açıqlama verən məşhur mütəxəssis hər iki yığmanın şanslarını dəyərləndirib: "Azərbaycan futbolu barədə deyəcəyim az şey var. Bilirəm ki, milli komandanın əksər oyunçuları "Qarabağ"da çıxış edirlər. Milli son oyunlarda qalib gələ bilmir. Fransa ilə axırıncı matç bizim qələbəmizlə başa çatıb".
Azərbaycan millisinə təcrübəli portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərlik etdiyini xatırladan 73 yaşlı mütəxəssis əlavə edib: "Santuş titullu baş məşqçidir. Lakin burada məşqçidən əvvəl oyunçuların keyfiyyəti də önəmlidir”.
Qeyd edək ki, Raymon Domenek 2004-2010-cu illərdə Fransa yığmasında işləyib. O, "xoruzlar”la 2006 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında iştirak edib.
Azərbaycan millisi Fransa ilk matçını oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə evdə keçirəcək.
İdman.biz