“Qarabağ”ın müdafiəçisi Toral Bayramovun Futbolxeber.az saytına müsahibəsi
- Mövsümü 3 xalla başa vurdunuz. “Şamaxı” səfərində qazanılan 1:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Çempionluğu təmin etsək də, bu görüşə yaxşı hazırlaşmışdıq. Çünki biz hər matça qələbə üçün çıxırıq. Hər oyundan oyuna artırmaq istəyirik. Çıxışımızı daha da yaxşılaşdırmalıyıq. Oyuna gəldikdə, çətin alındı. Süni ot örtüyü amili də var idi. Havanın isti olması da əlavə çətinlik yaratdı. Bununla belə, şükürlər olsun ki, qələbə qazandıq. Bundan sonra kubokun finalına hazırlaşacağıq.
- Çempionluğu bir neçə həftə əvvəl təmin etmişdiniz. Son turlara köklənmək nə dərəcədə çətin idi?
- Deməzdim çətin olur. Haradasa ola bilər bəzi futbolçuılarda rahatlıq yaransın. Bu cür problemlər yarana bilər. Lakin hamımız bilirik ki, məqsədimiz var və onun üzərində işləyirik. Çatışmazlıqlarımızı düzəltməyə, oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq.
- Ümumi götürsək, mövsümü “Qarabağ” üçün necə qiymətləndirirsiniz?
- Yaxşı qiymətləndirirəm. Maraqlı mövsüm keçdi. Gərgin oyunlar çox oldu. Avropada bir qədər yaxşı təsir bağışlaya bilmədik. İnşallah qarşıdakı mövsümdə Avropada yeni tarix yazmağa çalışacağıq.
- Çoxları say artımını, legioner limitinin ləğvini nəzərə alaraq artıq indidən növbəti çempionatın gərgin keçəcəyini proqnozlaşdırır. Siz də elə düşünürsünüz?
- Açığı, indidən yeni mövsüm barədə nəsə deməyə çətinlik çəkirəm. Hazırda bütün diqqətimizi kuboka yönəltmişik. Sonra millinin toplanışı olacaq. Ardınca qısa istirahət. Yalnız bütün bunlardan sonra yeni mövsüm barədə danışmaq olar.
- Final demişkən, “Qarabağ” “qızıl dubl” edə biləcək?
- Qələbə qazanmaq istəyirik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyirik ki, qalib gələk və azarkeşlərimizi sevindirək.
İdman.biz