Millimizin qapıçısı: “Sakitik, öz işimizi bilirik, hədəfimiz final oynamaqdır”

Xəbərlər
22 May 2025 16:12
76
Millimizin qapıçısı: “Sakitik, öz işimizi bilirik, hədəfimiz final oynamaqdır”

Minifutbol üzrə milli komandamızın qapıçısı Vəli Qafarovun Futbolxeber.az-a müsahibəsi

- Bakıda keçirilən dünya çempionatına heç-heçə (1:1) ilə başladınız. Bəhreynlə görüşdə qələbə qazanmağınıza nə mane oldu?

- İlk oyunlar həmişə çətin keçir. Heç nə olmaz. Bizim hədəfimiz final oynamaqdır. Ona görə də asta-asta oturub ilk matçdakı çıxışımızı analiz edib növbəti görüşlərə hazırlaşacağıq.

- Nikbin danışsanız da, ilk görüşdə komanda heç nə ilə yadda qalmadı. Sanki heç dünya çempionatına hazır deyilsiniz...

- Deməzdim hazır deyilik. Tamaşaçı kimi sizin istəkləriniz həmişə yüksək olur. Komandanın üzvü kimi deyə bilərəm ki, biz sakitik, öz işimizi bilirik. Futbolda belə hallar olur.

- Onda belə çıxır ki, milli komandamız ilk matçda bütün kartları açmaq istəməyib? Düşünürsünüz ki, qrup mərhələsini bir ayaqla da keçmək olar?

- Razıyam. Əlbəttə, istər-istəməz ilk matçdan hər şeyi ortaya qoya bilmərik. Biz favoritlərdən yalnız biriyik. Digər favoritlər də var və onları da nəzərə almalıyıq.

- Azarkeşlərin dəstəyini necə dəyərləndirirsiniz?

- Bizə verdikləri dəstəyə görə onlara minnətdaram. İlk matçda qələbə qazana bilmədik. Amma əlimizdən gələni edəcəyik ki, növbəti görüşlərdə onları sevindirək.

- Dünya çempionatının ilk günündə keçirilən digər 7 oyunda sizin üçün hansısa sürpriz nəticə qeydə alındı?

- Məncə, hələ ki, hər şey öz yolu ilə gedir. Hər hansı ciddi bir sürprizlə qarşlaşmamışıq.

İdman.biz