Sabah Misli Premyer Liqasında XXXV tura start veriləcək.
İdman.biz xəbər verir ki, iki gün ərzində keçiriləcək matçlar sonuncu turu tamamilə formallığa çevirə bilər.
Komandaların turnir cədvəlindəki yekun sıralamasının öncədən dəqiqləşməsi mümkündür. Amma bunun üçün həftəsonu keçiriləcək 5 matçın hamısında uyğun nəticələr qeydə alınmalıdır.
Bu, o qədər də real olmasa da, mümkünsüz də deyil. Əgər belə alınsa, XXXVI tur heç kimə və heç nəyə lazım olmayacaq.
Sumqayıtda eyniadlı komandanın qonağı olacaq “Turan Tovuz” heç-heçə ilə 4-cü yeri təmin edəcək. Bu bir xal “Araz-Naxçıvan”a bürünc medal qazandıracaq, “Sabah”ın 4-cü yer ümidinin üstündən xətt çəkəcək. Çünki 50 xalı olan qərblilər üçün 3-cü yer əlçatmaza çevriləcək, özləri isə Bakı klubundan uzaqlaşacaq.
“Sabah”ın 5-ci yerinin rəsmiləşməsi üçün “Zirə” ilə səfərdəki paytaxt derbisinin nəticəsi də önəmlidir. Qonaqlar qalib gəlsə, “Turan Tovuz”un heç-heçəsi ilə onların da mövqeyi dəqiqləşəcək.
Bu, “Səbail”lə üz-üzə gələcək “Neftçi”nin 5-ci yer xəyalını puç edəcək və “ağ-qaralar” 6-cı yeri rəsmiləşdirəcək. Belə olan halda, “Şamaxı” “Araz-Naxçıvan” üzərində ev qələbəsi ilə 7-ci yeri özəlləşdirəcək.
Ən çətini “Kəpəz”in 8-ci yeri rəsmiləşdirməsidir. Gəncə klubu uzun illərdir uda bilmədiyi “Qarabağ”ı məğlub etməlidir.
Bir sözlə, Sumqayıtda heç-heçə qeydə alınsa, “Sabah”, “Neftçi”, “Şamaxı” və “Kəpəz” qalib gəlsə, turnir cədvəlindəki yekun sıralama dəqiqləşəcək. Onda XXXVI turun yer baxımından əhəmiyyəti qalmayacaq.
Hazırda ilk üç pillədə qərarlaşan “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan”ın eyni turda uduzması o qədər də inandırıcı görünmür. Bu mümkün ehtimal doğrulsa, turnir cədvəlindəki xallar belə vəziyyətdə olmalıdır:
“Qarabağ” - 83
“Zirə” – 70
“Araz-Naxçıvan” – 55
“Turan Tovuz” – 50
“Sabah” – 47
“Neftçi” – 43
“Şamaxı” – 39
“Kəpəz” – 35
“Sumqayıt” – 31
“Səbail” - 22
Vüqar Xeyrullayev
İdman.biz