Futbolçularımız üçün “Udineze” A seriyasının qapısına açar olacaq? – TARİXƏ BAXIŞ

Xəbərlər
14 May 2025 15:33
105
Futbolçularımız üçün “Udineze” A seriyasının qapısına açar olacaq? – TARİXƏ BAXIŞ

Azərbaycan çempionu “Qarabağ” İtaliyanın "Udineze” klubu ilə əməkdaşlığa başlayıb.

İdman.biz xəbər verir ki, Udine təmsilçisi əvvəlki illərdə olduğu kimi yenə gənc və yeniyetmə azərbaycanlı futbolçuları düşərgəsinə cəlb edəcək.

Bu dəfə Apennin yarımadasına “Qarabağ”ın gənc istedadları yollanacaq. Onlar sələflərinin bacarmadığını etməyə, A seriyasının qapısına qədər irəliləməyə və onun açarını tapmağa çalışacaq.

Təəssüf ki, əvvəllər “Udineze”nin diqqətini çəkən Azərbaycan futbolçularının bu ölkədə qalması, inkişaf etməsi və oynaması mümkün olmayıb. Udine təmsilçisi hələ 16-17 il əvvəl istedadları ölkəmizdə axtarmağa başlayıb.

Həmin vaxt Araz Abdullayev cığıraçan rolunu oynayıb. Böyük istedadı və fiziki göstəriciləri ilə italiyalıları valeh edən yeniyetmə gözlənilənləri tam nümayiş etdirə bilməyib.

Bir müddət sonra isə “Bakı”nın iki futbolçusu udinelilərin diqqət mərkəzinə düşüb. Bu dəfə 17 yaşlılar Rəhman Hacıyevlə Andrey Popoviç İtaliyaya dəvət olunublar.

Həmin vaxtdan sonra azərbaycanlı yeniyetmə və gənclərin Avropa klublarında hazırlıq keçməsi böyük vüsət alıb. Onlarla futbolçumuz Almaniya, İspaniya və digər ölkələrin klublarının düşərgəsində olublar. Lakin onlardan heç biri sonradan “Böyük beşlik"də oynayacaq qədər “böyüməyiblər”. Bu tilsim də nə vaxtsa qırılacaq. İndi isə ümid “Qarabağ” akademiyasından İtaliyaya yollanacaq istedadlarınadır.

Vüqar Xeyrullayev
İdman.biz