"Qarabağ"ın futbolçusu Kevin Medinanın Sport24.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 34-cü turunda "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsən?
- Heç vaxt məğlubiyyətlə barışmaq istəməyən bir komandaya qarşı mübarizə apardıq. Artıq rəqibi tanıyırıq. Bu mövsüm onlara qarşı dəfələrlə oynamışıq. Məncə, komandamız pis təsir bağışlamadı və layiq olduğu qələbəni qazandı.
- "Qarabağ" çempionluğu təmin etdikdən sonra da qalibiyyətləri sıralayır. Oyunçular bu motivasiyanı hardan alırlar?
- Mövsüm ərzində bəzi səhvlərimiz olub. Onların üzərində işləmək, həmin səhvləri minimuma endirmək üçün bu matçlar bir imkandır. Növbəti mövsüm həmin xətaları təkrarlamaq istəmirik.
- "Qarabağ" böyük ehtimalla növbəti mövsüm UEFA Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq. Bu sizə necə təsir edəcək?
- İstənilən halda II təsnifat mərhələsindən başlamaq bir oyun az keçirmək deməkdir. Amma digər məsələ ondan ibarətdir ki, çox vaxtımız olacaq. Lazım olan çatışmazlıqların üzərində işləmək üçün imkan əldə edəcəyik.
- Çempionlar Liqasında hədəf nə olacaq? Liqa mərhələsinə düşə bilərsinizmi?
- "Qarabağ" elə böyük klubdur ki, hər mövsüm məqsəd və hədəf eynidir. Mümkün qədər Azərbaycan xalqına və azarkeşlərə sevinc bəxş etmək istəyirik. Hədəf Çempionlar Liqasında Liqa mərhələsinə düşmək olacaq. Bunun üçün çalışacağıq.
- Azərbaycan Kubokunun finalında "Sabah"la üz-üzə gələcəksiniz. Həmin matç haqqında nə deyə bilərsən?
Hələlik bu oyuna vaxt var. Əsas olan növbəti qarşılaşmalardır. Kubok görüşü haqqında sonra danışa bilərik. Növbəti çempionat oyunlarında çatışmazlıqları aradan qaldırmaq niyyətindəyik.
- Transfer dönəmlərindən adınız başqa klublarla hallanır. Növbəti mövsüm sizi "Qarabağ"da görə biləcəyik?
Söz-söhbətlər həmişə var. "Qarabağ" mənim klubumdur. Burada həmişə özümə qarşı xoş münasibət görmüşəm. Sadəcə, işləmək və irəliyə baxmaq lazımdır.
İdman.biz