İtaliya A Seriyasının 35-ci turu çərçivəsində "Venesiya" ilə oyunda (1:1) huşunu itirən "Torino"nun baş məşqçisi Paolo Vanolinin səhhəti ilə bağlı təfərrüatlar məlum olub.
İdman.biz xəbər verir ki, hesab 0:1 olarkən hakim 77-ci dəqiqədə Turin təmsilçisinin xeyrinə penalti təyin etdikdən və Nikola Vlaşiç onu qola çevirdikdən sonra müdafiəçi Gilyermo Maripana göstəriş verən 52 yaşlı mütəxəssis qəfil yerə yıxılıb.
Bir neçə saniyə sonra Vanoli həmkarlarının köməyi ilə ayağa qalxıb.
“Torino”nun baş məşqçisinin köməkçisi Lino Qodinyonun DAZN-ə verdiyi məlumata görə, Vanoli ilkin tibbi müayinədən keçib və özünü yaxşı hiss edir. “La Repubblica” qəzeti iddia edir ki, italyan mütəxəssisin huşunu itirməsi, çox güman, stressin artması nəticəsində təzyiqin aşağı düşməsi ilə bağlıdır.
İdman.biz