I Liqaya vəsiqəni təmin edən komandanın baş məşqçisi: "Çempion olmaq istəyirik"

Xəbərlər
11 Aprel 2025 14:50
110
I Liqaya vəsiqəni təmin edən komandanın baş məşqçisi: "Çempion olmaq istəyirik"

"Bəli, qarşıya qoyulan birinci hədəfə çatdıq. Artıq Birinci Liqaya vəsiqə qazandıq. Amma təbii ki, bunu çempion olaraq etmək daha yaxşıdır".

İdman.biz xəbər verir ki, bunu Sportal.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Mütəxəssis bildirib ki, II Liqanı çempion kimi başa vurmaq üçün sona qədər mübarizə aparacaqlar: "Hələ qarşıda oyunlar var. Biz vəsiqəni təmin etsək belə, arxayınlaşmayacağıq. Çünki çempion olmaq istəyirik. Ümidvaram ki, kollektiv olaraq bunu bacaracağıq. Şadam ki, bizə verilən etimadı Birinci Liqaya yüksələrək doğrultduq. Güvənən və hər zaman yanımızda olan rəhbərliyə təşəkkür edirəm. Çempionluğu qazanaraq, mövsümü daha gözəl notlarla başa vurmaq istəyirik".

İkinci Liqanın 20-ci turunda evdə "Sheki City"yə 6:0 qalib gələrək Birinci Liqaya vəsiqəni təmin edən "Şəfa" mövsümü çempion kimi başa vurmaq istəyir. Kərəmli, I Liqada da iddialı olmaq istədiklərini vurğulayıb: "Hələ ki, sezon başa çatmayıb. Ona görə də indidən I Liqa haqda geniş nəsə deyə bilmərəm. Amma dəqiq olan odur ki, biz hər zaman iddialıyıq. "Şəfa" adının Azərbaycan futboluna qaytarılması yaxşı addım idi. Təbii ki, bu komandanı iddialı görmək daha da xoşdur. İndi İkinci Liqadakı növbəti oyunlara fokuslanmışıq. Mövsüm bitdikdən sonra qarşıdakı sezonun planlarını quracağıq. Hər halda, hər zaman iddialı olaraq Premyer Liqaya qədər yüksəlmək istəyirik".

İdman.biz