Millimizin 304-cü sınağı – 1992-ci ildən başlayan yol

Xəbərlər
15 Noyabr 2024 11:58
137
Millimizin 304-cü sınağı – 1992-ci ildən başlayan yol

Azərbaycan milli komandası sabah növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasının V turunda Estoniya ilə qarşılaşacaq.

Qəbələdə baş tutacaq matç komandamızın tarixində 304-cü sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 303 oyuna çıxıb. Bu müddətdə 61 qələbə qazanan futbolçularımız 78 heç-heçəyə nail olub və 164 dəfə uduzub. Əvvəlki 303 qarşılaşmada 235 qol vuran futbolçularımız 505 top buraxıb.

Bu, millinin rəsmi turnirlər çərçivəsində 165-ci oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqasında ümumilikdə 164 matç keçirən komandamız 21 qələbə qazanıb, 33 heç-heçə edib və 110 dəfə xalsız qalıb. 101 qol vuran millimiz 329 dəfə top buraxıb.

Azərbaycan yığması Millətlər Liqasında 23-cü görüşünü keçirəcək. 6 qələbə və 7 heç-heçəsi olan komandamız 9 dəfə uduzub. 19 qola sevinən futbolçularımız 25 dəfə topu öz qapısında görüblər.

Ev matçı Fernandu Santuşun baş məşqçi postunda 5-ci sınağı olacaq. İsveç, Estoniya və Slovakiyaya eyni - 1:3, sonuncularla ilk matçda isə 0:2 hesabı ilə uduzan portuqaliyalının yetirmələri xala həsrət qalıblar. 4 məğlubiyyət aldığı oyunlarda 3 qol vuran milli 11 topa üzülüb.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək oyun saat 18:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz