Təbriz Həsənov: “Sabah” mərhələni keçmək gücündədir”

Xəbərlər
25 İyul 2024 17:09
512
Təbriz Həsənov: “Sabah” mərhələni keçmək gücündədir”

“Sabah” 1 aydan çox Sloveniyada təlim-məşq toplanışında oldu. Bu məşqlərdən səmərəli istifadə etdiklərini düşünürəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Təbriz Həsənov deyib.

O, Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”ın “Makkabi”yə (Hayfa) qarşı səfər matçında şanslarını dəyərləndirib: “Komandada əhval-ruhiyyə və motivasiyanın yaxşı olduğunu düşünürəm Üstünlüyümüz ondadır ki, ilk oyun neytral meydanda, ikinci Bakıda olacaq. Bu hal komandamız üçün yaxşıdır. “Qarabağ”da oynadığım zaman biz “Makkabi”ni səfər qolu hesabına keçmişdik. Səfərdə 2:1 hesabı ilə qalib gəlib, evdə 0:1 hesabı ilə uduzmuşduq. O vaxt səfər qolu daha vacib sayılırdı. İndi bu yoxdur və hər 2 matç çətin keçəcək. Səfərdə heç-heçə etməyimiz yaxşı olar ki, evdə rahat oynayaq. “Sabah” bu mərhələni keçmək gücündədir. Bu gün sevinən tərəf biz olacağıq”.

“Sabah”ın koordinatoru işləyən Həsənov paytaxt klubunun çətinlikləri və üstün tərəflərini də açıqlayıb: “Komandada əsas çətinliklər gedənlərlə bağlıdır. Amma onların yeri də çox yaxşı dolduruldu. Coy Lens Mikels komandaya qayıtdı. Ondan böyük gözləntilər var. Ümumiyyətlə, yeni gələnlər “Sabah”a böyük güc qatacaqlar”.

Qeyd edək ki, “Makkabi” – “Sabah” görüşü Macarıstanın Kişvardada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Emin Ağa
İdman.biz