Əminə Həsənova: “İsveçrə ilə heç-heçə qələbəyə bərabər olacaq” - VİDEO

Müsahibə
9 Aprel 2024 12:51
Əminə Həsənova: “İsveçrə ilə heç-heçə qələbəyə bərabər olacaq” - VİDEO

“Macarıstanla oynayanda qələbə qazanacağımızı düşünürdük. Ən pis halda, heç-heçə etməyi fikirləşirdik”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin sabiq üzvü, AFFA-da Qadın Futbolu və Qadın Liqasının təşkili şöbəsinin müdiri Əminə Həsənova deyib.

O, AVRO-2025-in seçmə mərhələsində millimizin bu gün İsveçrəyə qarşı Bakıda keçirəcəyi matçla bağlı gözləntilərini açıqlayıb. Həsənova bildirib ki, seçməmizdən uğurlu nəticə gözləyir: “Düşündüyümü desəm, bəlkə də gülməli gələcək. Verilişi izləyənlər düşünər ki, Əminə əvvəlcədən danışdı, proqnoz verdi. Amma komandamız çox inanıram. Bizim qızlar sürpriz etməyi sevirlər. Uğurlu nəticənin olacağına inanıram. İsveçrə top komandadır. Uduzsaq belə bu o demək deyil ki, hər şey sonlandı. Macarıstanla səfər oyununda heç-heçədən sonra futbolçuları ağlayırdı. Düşünürəm ki, bərabərlik bizim üçün qalibiyyət sayılsa da, onlar üçün məğlubiyyətdir. İsveçrə millisi ilə də heç-heçə etsək, bu, qələbəyə bərabər olacaq. Belə komandalarla mübarizə aparıb, 1 xal belə götürmək böyük uğurdur”.

Qeyd edək ki, Azərbaycan qrupun ilk oyununda Macarıstan səfərində 1:1 hesablı heç-heçə edib. İsveçrə isə evdə Türkiyəyə 3:1 hesabı ilə qalib gəlib.

Emin Ağa
İdman.biz