“Aprelin 2-də AFFA və İcraiyyə Komitəsi yenidən formalaşacaq”.
Bunu İdman.bizə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.
AFFA-nın bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında qurumun prezidenti Rövnəq Abdullayev öz istəyi ilə namizədliyini irəli sürməyəcəyini bildirib. Bu səbəbdən də assosiasiyanın aprelin 2-də təşkil olunacaq Hesabat-Seçki konfransında yeni komanda formalaşacaq.
Sadıqovun sözlərinə görə, Abdullayev iclasda atdığı addımın səbəbini açıqlayıb: “Müzakirələr aparıldı. Rövnəq Abdullayev futbolumuza yeni nəfəsin lazım olduğunu dedi. Bu səbəbdən də AFFA prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirdi. O, futbolu sevdiyini, bundan sonra da bu idman növünə dəstək verməyə hazır olduğunu vurğuladı”.
AFFA-nın İcraiyyə Komitəsinin üzvü də olan təcrübəli mütəxəssis deyib ki, yeni heyətdə ehtiyac olacaqsa, özü işini davam etdirə bilər: “Rövnəq Abdullayev katibliyə İcraiyyə Komitəsi üçün yeni namizədlərin adlarının verilməsini, bununla bağlı müzakirələrin aparılmasını tapşırdı. Əgər ehtiyac olacaqsa, canla-başla yenidən vəzifəmi davam etdirəcəm”.
Emin Ağa
İdman.biz