“Məşqçimizin tapşırığı odur ki, imkan olduqca qapıya zərbə endirim, həmçinin irəli atılaraq hücumların sonlandırılmasında iştirak edim”.
Bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klisman Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra sport24.az-a müsahibəsində deyib.Həmin müsahibəni təqdim edirik.
- Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Araz-Naxçıvan”a qalib gəldiniz. Qələbəni necə şərh edərdiniz?
- Çətin meydan amil var idi. Buna baxmayaraq, çalışırdıq öz oyunumuzu nümayiş etdirək. Düşünürəm ki, yaxşı çıxış etdik, layiq olduğumuz 3 xalı qazandıq. 90 dəqiqə ərzində oyuna nəzarət bizim tərəfimizdə idi. 3 qol vurduq. Yeganə təəssüfləndirici məqam sonda qapımızdan qol buraxmağımızdır.
- Belə görünür ki, çempionatdakı fasilə “Neftçi”yə mənfi təsir göstərməyib...
- Əksinə, bu, bizə çox kömək olur. Siz bizim məşqlərimizi izləsəniz, hazırlıq prosesinin necə intensiv keçdiyini görərsiniz. Çox yaxşı məşqlər edirik.
- “Araz-Naxçıvan”ı məğlub etməklə yenidən zirvəni ələ keçirdiniz. Üfüqdə qış çempionluğu görünür?
- Hər oyuna qələbə üçün çıxırıq. Sonda hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İstəyimiz reallaşsa, qış çempionu ola bilərik.
- Maraqlıdır, “Araz-Naxçıvan”ın qapısından keçirdiyiniz qolda zərbə endirirdiniz, yoxsa asma idi?
- Açığı, zərbə vurmurdum, asma edirdim (gülür). Amma elə alındı ki, top qapıdan keçdi. Təbii ki, buna görə sevinirəm.
- Bir dəfə ayın qolu layihəsində birinci seçilmisiniz. Necə düşünürsünüz, bu qolla yenidən qalib ola bilərsiniz?
- Sözün düzü, hazırda yalnız öz oyunlarımıza köklənmişəm. Digər qolların əksərini görməmişəm. Ona görə indidən qəti fikir bildirmək çətindir. Amma əlbəttə ki, yenidən qalib olsam, çox sevinərəm.
– “Qarabağ”la oyunda dubl etdikdən sonra karyeranızın ən yaxşı matçını keçirdiyinizi demişdiniz. “Araz-Naxçıvan”la görüşdə də iki qol vuraraq bunu təkrarladınız. Son oyunlarda qol vurmaq baxımından özünüzü daha rahat hiss edirsiniz?
- Məşqçimizin tapşırığı odur ki, imkan olduqca qapıya zərbə endirim, həmçinin irəli atılaraq hücumların sonlandırılmasında iştirak edim. Mən də komandama fayda vermək üçün əlimdən gələni edirəm. Şadam ki, bu matçda yenidən dubl etdim. Növbəti matçlarda da “Neftçi”nin qalib gəlməsi üçün əlimdən gələni edəcəm.
