“Xankəndi”nin qapıçısı: “Bizi tarixi oyun gözləyir”

18 Noyabr 2026 18:08
32
“Xankəndi”nin qapıçısı: “Bizi tarixi oyun gözləyir”

“Hər birimiz bizi tarixi oyun gözlədiyinin fərqindəyik. İlk dəfə doğma şəhərimizdə öz azarkeşlərimiz önündə oynayacağıq. Xankəndidə komandaya çox yaxşı şərait yaradılıb və yaradılmaqdadır”.

Bu sözləri Birinci Liqanın səkkizinci turunda ilk dəfə təmsil etdiyi şəhərdə - Xankəndidə “Karvan-Yevlax”ı qəbul edəcək “Xankəndi” klubunun qapıçısı Elməddin Məmmədov qarşılaşma ərəfəsində açıqlama verərkən deyib.

Qarabağ təmsilçisinin qolkiperi doğma azarkeşlər önündə oynamağın həyəcanından, rəqibin gücündən və komandanın çempionatdakı əsas hədəfindən danışıb.

“'Karvan-Yevlax' bu çempionatda çempionluq üçün yığılmış komandadır. Rəqibin heyətində təcrübəli yerlilərlə yanaşı, səviyyəli legionerlər də var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik və onlara qarşı layiqli mübarizə aparacağıq. Komandamızın əsas hədəfi liqada qalmaq, yekunda mümkün qədər yüksək pillələrdə qərarlaşmaqdır”, - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, bunadək ev oyunlarını Şamaxıda keçirən “Xankəndi”nin “Karvan-Yevlax”la görüşü noyabrın 19-da baş tutacaq. Xankəndi şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti saat 16:00-da səsləndiriləcək.

İdman.Biz