Kamal Quliyev “Neftçi”nin çempionluq şanslarını dəyərləndirdi

18 Noyabr 2026 17:07
60
Kamal Quliyev “Neftçi”nin çempionluq şanslarını dəyərləndirdi

“Neftçi” rəhbərliyindən tutmuş klubda çalışan ən sıravi işçiyə qədər hər kəsə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Bu sözləri “Neftçi”də məşqçi və baş seleksiyaçı kimi çalışmış Kamal Quliyev deyib.

Ötən gün 50 illik yubileyini qeyd edən Azərbaycan millisinin sabiq futbolçusu klubun yeni bazasına dəvət olunmasından və orada yaşadığı hisslərdən danışıb.

“Çox xoşbəxtəm ki, “Neftçi” ilə bağlı həm futbolçu, həm də məşqçi kimi fəaliyyətim unudulmayıb. Məni klubun yeni bazasına yüksək səviyyədə, böyük hörmətlə dəvət etdilər. Bir daha şahidi oldum ki, klubun mənə olan sevgisi və istəyi mənim “Neftçi”yə olan sevgim və istəyim kimi tükənməzdir.

Klubun yeni bazasında yaşadığım hisslər isə tamam başqa idi. Elə bil 15-20 il geriyə qayıtmışdım, hər şey dünən baş vermişdi. Özümü yenidən futbolçu kimi hiss etdim. Sanki qolumu çırmalayıb meydana çıxacaq, bu komandanın uğurları üçün yenidən mübarizə aparacaqdım”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Mütəxəssis “ağ-qaralar”ın bu mövsüm çempionluq şanslarını da dəyərləndirib:

“Neftçi”ni I dövrəni lider kimi başa vurması münasibətilə təbrik edirəm. Bu il klubun 90 illik yubileyidir. Necə ki, mən klubda işlədiyim dönəmdə 75 illik yubileyində çempion olduq, inşallah, bu il də elə olar.

Azarkeşlərə səslənirəm ki, indiki “Neftçi”nin arxasında dursunlar, komandanın ruhdan düşməsinə imkan verməsinlər. Rəhbərlikdən tutmuş komandanın hər bir üzvünə qədər hamı futbol adamıdır. Baş məşqçi Yuri Verniduba hörmətim artdı. O, klubu çətin dönəmdə qəbul etdi və heç bir bəhanə gətirmədi. Ukraynalı mütəxəssis “Mən bu komandanı yığmamışam” demədi. Halbuki bəzi məşqçilər bunu bəhanə kimi gətirirlər. Vernidubun qədrini bilməliyik. Mən heç vaxt yalan danışmamışam. Düzünü dediyim üçün indi işsizəm”.

Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında ilk dövrəni lider kimi tamamlayıb.

İdman.Biz