“Qəbələ”nin kapitanı baş məşqçi dəyişikliyinin təsirindən danışdı

18 Noyabr 2026 15:24
45
“Qəbələ”nin kapitanı baş məşqçi dəyişikliyinin təsirindən danışdı

“İlk dövrəni komandam üçün qənaətbəxş hesab etmirəm. İstəyimiz turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmaq idi”.

Bu sözləri “Qəbələ” futbol komandasının kapitanı Asif Məmmədov deyib.

Təcrübəli futbolçu komandada baş məşqçi dəyişikliyindən sonra baş verən yeniliklər barədə danışıb.

“Elitadan düşmək barədə düşünmək belə istəmirəm. Amma bu, futboldur. Turnir cədvəlindəki indiki vəziyyətimizə baxsaq, təhlükənin olduğunu görərik. Son oyunlarda futbol oynamağı bacardığımızı göstəririk, sadəcə, bəxtimiz gətirmir. Yeni baş məşqçinin gəlişindən sonra komandanın oyun üslubunda dəyişiklik var. Əvvəllər 5 müdafiəçi ilə oynayırdıqsa, indi 4 müdafiəçi ilə çıxış edirik. Yaxşılığa doğru irəliləyiş hiss olunur”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.

40 yaşlı yarımmüdafiəçi növbəti turda “Şəfa” ilə keçiriləcək qarşılaşmadan gözləntilərini bölüşüb:

“Növbəti turda “Şəfa” ilə qarşılaşacağıq. İlk dövrədə onlara məğlub olmuşuq və bunun əvəzini çıxmaq istəyirik. Bu görüşə 100 yox, 200 faiz hazırlaşmalıyıq. “Şəfa” da bizim kimi çox xal itirib. Ona görə də bu qarşılaşma 6 yox, 12 xallıq oyundur”.

Qeyd edək ki, “Şəfa” - “Qəbələ” matçı noyabrın 21-i, saat 17:00-da SOCAR Polymer Arenada keçiriləcək.

İdman.Biz