“Akademiyaların əsas məqsədi futbolçu yetişdirmək və onların əsas komandaya keçidini təmin etməkdir”.
Bu sözləri “Sumqayıt” Futbol Akademiyasının koordinatoru Adil Şükürov sport24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Gürcüstana işgüzar səfəriniz necə keçdi?
- Səfər çox faydalı oldu. Məni maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirə bildim. “Dinamo” (Tbilisi) ilə “Sumqayıt” akademiyaları futbolçuların inkişaf yoluna demək olar ki, eyni prizmadan yanaşır.
- Gürcüstana yollanmağınızın əsas məqsədi nə idi?
- Əsas məqsəd klubumuzun inkişaf strategiyasına yaxın olan bir klubla əlaqələr qurmaq, oyunçuların inkişaf etdirilməsi və xarici klublara transferi istiqamətində görülən işlərlə tanış olmaq idi. Bu baxımdan, futbolçuların hansı yollarla yetişdirildiyi və xarici klublara transfer prosesinin necə həyata keçirildiyi ilə maraqlandım.
- “Dinamo”nun Futbol Akademiyasının fəaliyyəti ilə bağlı hansı məlumatları əldə etdiniz?
- “Dinamo”nun futbolçu seçimində hansı keyfiyyətlərə üstünlük verdiyini, oyunçuların çatışmazlıqlarının aradan qaldırılması üçün hansı metodlardan istifadə etdiyini öyrənmək mənim üçün maraqlı idi. Sovet dövründən sonra Azərbaycanda və Gürcüstanda təhsil sistemi müəyyən mənada oxşar istiqamətdə inkişaf edib və bu gün də bəzi yanaşmalar bənzərliyini qoruyur.
- “Dinamo” akademiyasında futbolçuların fərdi inkişafı ilə bağlı hansı təcrübə diqqətinizi çəkdi?
- “Dinamo” futbolçuların təhsilinə xüsusi önəm verir. Bütün proseslər uşaqların təhsildən uzaq düşməməsi üçün balanslı şəkildə tənzimlənir. Bununla yanaşı, futbolçuların fərdi çatışmazlıqlarını aradan qaldırmaq üçün əlavə məşqlərə də ehtiyac var. Bu məşqlərin digər futbolçulara psixoloji təsir göstərmədən təşkil edilməsi də vacib məqamlardandır. “Dinamo”da bu məqsədlə oyunçular arasında fərq qoyulmadan qruplar şəklində əlavə məşqlər keçirilir və bu proses, demək olar ki, hər gün təşkil olunur.
- Gürcüstan futbol akademiyalarının iş prinsipləri ilə Azərbaycan akademiyalarının fəaliyyətini müqayisə etsək, hansı fərqləri qeyd edərdiniz?
- Akademiyaların əsas məqsədi futbolçu yetişdirmək və onların əsas komandaya keçidini təmin etməkdir. Lakin bu sahədə müəyyən akademiyalar daha çox ön plana çıxmağı bacarıb. Onlardan biri də Tbilisi “Dinamo”sudur. Gələcəkdə akademiyalar arasında fikir mübadiləsinin aparılması, turnirlərin təşkili və məşqçilərin təcrübə proqramlarında iştirakı baxımından belə əməkdaşlıqlar olduqca əhəmiyyətlidir.
- Tbilisi “Dinamo”sunun akademiyasının futbolçu yetişdirmək və onların transferindən gəlir əldə etmək modelini “Sumqayıt”da tətbiq etmək nə dərəcədə mümkündür?
- “Dinamo” kimi klubun təcrübəsindən yararlanmaq bizim üçün də çox vacibdir. Tbilisi “Dinamo”su ilə görüşdüyüm üçün bu klubun akademiyası ilə “Sumqayıt”ın akademiyasını müqayisə etmək imkanım oldu. Fikrimcə, aradakı əsas fərqlərdən biri futbolçuların transferindən əldə olunan gəlirlərlə bağlıdır. Bu yaxınlarda 19 yaşlı futbolçunun Almaniya klubuna transfer edilməsi də “Dinamo”nun akademiya sisteminin səmərəliliyini göstərən nümunələrdəndir. Akademiyanın fəaliyyətinin böyük ölçüdə yetirmələrinin transferindən əldə olunan gəlirlər hesabına formalaşması diqqətçəkən məqamlardan biridir.
