İngiltərənin “Hall Siti” klubunun sahibi Acun Ilıcalının “qəribə futbolçu” adlandırdığı əlcəzairli cinah oyunçusu Beşir Belluminin “Arsenal” klubunun diqqətini çəkdiyi bildirilir.
İdman.Biz “Fanatik” nəşrinə istinadən xəbər verir ki, “Arsenal”ın əlcəzairli futbolçunun çıxışlarını yaxından izləyir.
Öz növbəsində klubun sahibi Acun Ilıcalı mətbuatda dolaşan xəbərlərə münasibət bildirib.
“Özümü tanıyandan futbol dünyasının içindəyəm. Bu il diqqət yetirəcəyim futbolçu, şübhəsiz ki, Bellumidir. O, qeyri-adi futbolçudur. Hələ çox şey edə bilər. Qəribə futbolçudur, onu izləməyi tövsiyə edirəm”.
Qeyd olunur ki, “Arsenal” əlcəzairli sağ cinah oyunçusunun çıxışlarını yaxından izləyir. London klubu futbolçunun İngiltərə futboluna uyğunlaşmaq bacarığından və potensialından razıdır.
Məlumata əsasən, Bellumi ayrılmaq istədiyini açıq şəkildə bildirsə, “Hull Siti” onun transferinə mane olmayacaq. Futbolçunun mümkün transfer qiymətinin 28,5–40 milyon avro arasında dəyişə biləcəyi qeyd olunur.
