Ruy Jorje: “Əsas məqsədimiz mundialdakı böyük fərqi aradan qaldırmaqdır”

6 Oktyabr 2026 19:04
97
Ruy Jorje: “Əsas məqsədimiz mundialdakı böyük fərqi aradan qaldırmaqdır”

Azərbaycanın U-20 millisi yolun başlanğıcındadır.

İdman.Biz xəbər verir ki, bunu yığmanın baş məşqçisi Ruy Jorje Qəbələdə Yaponiya U-20 millisinə qarşı keçirilən yoxlama oyunundan sonra mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib:

“Hazırda yolun başlanğıcındayıq. Futbolçularda fiziki çatışmazlığın olması normaldır. Bunun üçün matç ərzində tez-tez dəyişikliyə gedirdik. Gələcəkdə futbolçular çatışmazlıqları aradan qaldıracaqlar”.

Ruy Jorje Moldova ilə əvvəlki yoxlama görüşündə daha çox səhvə yol verdiklərini qeyd edib:

“Moldova ilə matçda müdafiədə çox səhvlərə yol verməmişdik. Əksinə, hücum xəttində yaxşı çıxış edə bilmirdik. Təəssüf ki, həmin qarşılaşmada səhvlər daha çox nəzərə çarpırdı. Öz səhvlərimizin üzərində işləyəcəyik”.

Baş məşqçi Yaponiya ilə görüşdə futbolçuların çıxışından razı qaldığını söyləyib:

“Bugünkü matçda qol vura bilmədik. Lakin qapımızda qol da görmədik. Bu, məni sevindirən məqamlardan idi. Çalışacağıq ki, yaxın gələcəkdə daha da yaxşı formada çıxış edək”.

Baş məşqçi 2027-ci ildə keçiriləcək dünya çempionatında layiqli çıxış etmək istədiklərini dilə gətirib:

"Etiraf etmək lazımdır ki, mundialda iştirak edəcək yığmalar bizdən çox güclüdürlər. Onlar uğur qazanaraq dünya çempionatına vəsiqə qazanıblarsa, biz bu turnirdə ev sahibi olaraq çıxış edəcəyik. Əsas məqsədimiz odur ki, aradakı böyük fərqləri aradan qaldıraq. Bunun üçün çox çalışmalıyıq".

Qeyd edək ki, Azərbaycan – Yaponiya U-20 komandaları arasında keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Yığmamız penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib.

İdman.Biz