“Oyun ortada gedirdi və belə olacağını təxmin etmişdik. Litva da bilirdi ki, bu, onlar üçün demək olar, son şansdır. Ona görə matç gözlədiyimizdən də gərgin oldu”.
Bu sözləri Azərbaycan futbol millisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev UEFA Millətlər Liqasının üçüncü turunda Litvaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Milli komandamızın üzvü qələbənin əhəmiyyətindən və iki matç arasındakı komanda əhvali-ruhiyyəsindən söz açıb.
“Üç gün əvvəlki çox məyusedici nəticədən sonra toparlana bildik, yaxşı mübarizə apardıq. Bu gün daha çox istəkli idik. Görünürdü ki, keçən oyun Lixtenşteyn bizdən daha çox istəkli idi. Elə bil o oyun bizə soyuq duş, bir zərbə oldu və bu gün ayıldıq”, - deyə o qol.az-a açıqlamasında vurğulayıb.
C.Nuriyev Lixtenşteynlə heç-heçənin gətirdiyi psixoloji təsirə də toxunub:
“Düzünü demək lazımdırsa, təzyiqi bəlkə də atdıq, amma bu, unudulmur. Tarixdə qaldı ki, biz Lixtenşteyn kimi komanda ilə 0:0 oynadıq. Bu gün qələbə qazanmağımız haradasa bir az vicdanımızı rahatlatdı. Ən azından qələbə qazanmışıq, rəqib kimdirsə, fərqi yoxdur. Amma Lixtenşteynlə nəticə, təəssüf ki, tarixdə qalacaq”.
