“Gəncə xalqı üçün bu, möhtəşəm hadisədir. Azarkeşlərin stadiona bu qədər çox olmasından həqiqətən təsirləndim”.
Bunu “Kəpəz”in hücumçusu Azuma Abubakar futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan Premyer Liqası haqqında fikirləriniz necədir? Çempionatı necə dəyərləndirirsiniz?
- Çox yaxşı liqadır. Həm taktiki, həm də fiziki baxımdan kifayət qədər tələbkardır və burada uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Futbolçu kimi fərqlənmək üçün intizam da böyük əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycandakı çempionat məndə yaxşı təəssürat yaradıb.
- Gəncə stadionundakı atmosfer xoşunuza gəldimi?
- Gəncə xalqı üçün bu, möhtəşəm hadisədir. Azarkeşlərin stadiona bu qədər çox olmasından həqiqətən təsirləndim. Ümid edirəm ki, biz də göstərdikləri dəstəyin qarşılığında onları daha çox sevindirə biləcəyik.
- Növbəti oyunda “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu matçdan qələbə ilə ayrılacağınıza inanırsınızmı?
- Yenidən məşq prosesinə qayıdıb həm kollektiv, həm də fərdi şəkildə səhvlərimizi düzəltməliyik. Qarşıdakı oyunlara hazırlaşmaq və ortaq məqsəd uğrunda mübarizə aparmaq vacibdir. Müşahidələrimə görə, “Qəbələ” asan rəqib deyil. Amma inanıram ki, “Kəpəz” və gəncəlilər üçün qələbə qazanmaq naminə əlimizdən gələn hər şeyi edəcəyik və sonadək mübarizə aparacağıq.
