“Sabah” Çempionlar Liqasının qalibi olan futbolçuya maraq göstərir

1 Sentyabr 2026 14:20
98
“Sabah” Çempionlar Liqasının qalibi olan futbolçuya maraq göstərir

Bakının “Sabah” futbol klubu Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən və Qvineya millisinin formasını geyinən yarımmüdafiəçi Nəbi Keytaya maraq göstərir.

İdman.Biz Macarıstanın “Öltözőn Túl” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Çempionlar Liqasının əsas mərhələsində debüt etməyə hazırlaşan Bakı klubunun maraq dairəsinə düşüb.

Qeyd edək ki, hazırda söhbət məhz futbolçuya olan maraqdan gedir. Tərəflər arasında razılaşmanın əldə olunması barədə məlumat yoxdur.

Keyta 2026-cı ilin yanvarından “Ferentsvaroş”un daimi futbolçusudur. Bundan əvvəl qvineyalı yarımmüdafiəçi Bremen “Verder”indən Macarıstan klubunda icarə əsasında çıxış edib. Yarımmüdafiəçinin karyerasının ən tanınmış dövrü isə 2018-2023-cü illərdə formasını geyindiyi “Liverpul”la bağlıdır.

Keyta İngiltərə klubunun heyətində 2018/19 mövsümündə Çempionlar Liqasının qalibi olub. 2019-cu il iyunun 1-də “Liverpul” Madridin “Metropolitano” stadionunda keçirilən finalda “Tottenhem”ə 2:0 hesabı ilə qalib gəlib. Keyta isə “Barselona” ilə yarımfinalın ilk oyununda aldığı bud-əzələ zədəsi səbəbindən həlledici qarşılaşmada iştirak etməyib.

Qvineyalı futbolçu “Liverpul”la İngiltərə çempionu olub, klublararası dünya çempionatını, İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.

Bununla yanaşı, daha əvvəl “Sabah”ın digər yarımmüdafiəçi – Sankt-Peterburqun “Zenit” klubuna məxsus Du Keyrosu icarəyə götürməyə yaxın olduğu barədə məlumat yayılıb. “Sport-Ekspress”in məlumatına görə, 26 yaşlı braziliyalı futbolçu Bakı klubuna icarə əsasında keçməlidir. Daha sonra Keyrosun tibbi müayinədən keçmək üçün artıq Bakıya gəldiyi və “Sabah”ın mövsümün sonunda futbolçunu almaq hüququ əldə edəcəyi bildirilib. Keçid hələ rəsmən açıqlanmayıb.

Qeyd edək ki, “Sabah” gələn həftə Çempionlar Liqasının əsas mərhələsində debüt edəcək. Valdas Dambrauskasın komandası sentyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da Mançesterdə “Old Trafford” stadionunda “Mançester Yunayted”lə qarşılaşacaq.

Bununla belə, Bakı klubunun məhz Çempionlar Liqası üçün heyətini gücləndirmək baxımından vaxtı ölkədaxili transfer pəncərəsinin müəyyən etdiyi müddətdən xeyli azdır. UEFA-nın reqlamentinə əsasən, turnirin əsas mərhələsində iştirak edəcək A siyahısı sentyabrın 2-də Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dan gec olmayaraq təqdim edilməlidir. Bu müddətdən sonra klub tərəfindən qeydiyyatdan keçirilən futbolçular Çempionlar Liqasının əsas mərhələsində çıxış edə bilməyəcəklər.

Əlavə edək ki, Azərbaycanda yay transfer pəncərəsi daha gec - sentyabrın 10-da saat 23:59-da bağlanacaq.

İdman.Biz