Useyn Bolt İngiltərə klubuna qoşulub

23 Avqust 2026 15:23
104
Useyn Bolt İngiltərə klubuna qoşulub

Əfsanəvi yamaykalı sprinter Useyn Bolt futbol meydanlarına qayıtmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, 40 yaşlı dünya rekordçusunun adı “Wythenshawe FC Veterans” komandasının İngiltərə Futbol Assosiasiyasında qeydiyyatdan keçmiş futbolçular siyahısında yer alıb.

“Wythenshawe” Böyük Mançester bölgəsini təmsil edir və 35 yaşdan yuxarı futbolçuların çıxış etdiyi “Cheshire Veterans League”də mübarizə aparır.

Komandanın heyətində bir sıra sabiq Premyer Liqa futbolçuları da yer alır. Antonio Valensiya, Emile Heski, Denni Drinkuoter, Mark Olbrayton, Joleon Leskott və Papiss Sisse onlardan bəziləridir. Komandanı sabiq “Mançester Siti” futbolçusu Stiven Ayrlend çalışdırır.

Bolt daha əvvəl də peşəkar futbolçu olmaq üçün cəhd edib. O, 2018-ci ildə Dortmund “Borussiya”sında məşq keçib, daha sonra Avstraliyanın “Central Coast Mariners” komandasında hazırlıq prosesində iştirak edib və yoldaşlıq görüşündə iki qol vurub. Lakin rəsmi matçda meydana çıxmadan klubdan ayrılıb.

Qeyd edək ki, “Wythenshawe FC Veterans” Boltun transferini hələ rəsmi şəkildə açıqlamayıb. Buna baxmayaraq, onun adının FA-nın qeydiyyat siyahısında olması futbol meydanlarına qayıdış ehtimalını gücləndirib.

İdman.Biz