İlqar Qurbanov: “Qarabağ” üçün yaxşı şans yaranıb”

21 Avqust 2026 17:59
99
İlqar Qurbanov: “Qarabağ” üçün yaxşı şans yaranıb”

“Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə “Tvente” (Niderland) üzərində qazandığı səfər qələbəsi (1:0) böyük üstünlükdür”.

Bunu Ağdam təmsilçisinin sabiq futbolçusu İlqar Qurbanov deyib.

Qarşılaşmanı stadiondan canlı izləyən Azərbaycan millisinin 40 yaşlı direktoru 12 il öncə “Qarabağ”ın heyətində həmin arenada böyük uğur qazandıqlarını da xatırladıb.

“Oyunda çox gözəl atmosfer var idi. 12 il əvvəl bu stadionda tarix yazmışdıq. Səfərdə zəfər əldə etmək hər zaman mühüm üstünlükdür. Lakin unutmaq olmaz ki, rəqib “Tvente”dir və hər şey baş verə bilər. Düşünürəm ki, komanda yaxşı şans əldə edib, amma oyunun taleyi Bakıda həll olunacaq. “Tvente” yaxşı kollektivdir, bu səbəbdən çox diqqətli olmaq lazımdır”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

İdman.Biz