UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Tvente”nin baş məşqçisi Con van den Brom qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis komandasının səviyyəsindən aşağı çıxış etdiyini bildirib.
“Bu səviyyədə, UEFA Konfrans Liqasının pley-offunda və çox güclü rəqibə qarşı oynayırsansa, özün də çox yaxşı olmalısan. Biz bu gün çox yaxşı deyildik. Bir neçə futbolçu öz səviyyəsindən aşağı oynadı. Mən bilirəm ki, bu gün göstərdiyimizdən daha yaxşısını edə bilərik”, - deyə van den Brom bildirib.
Baş məşqçi “Tvente”nin topa daha çox sahib olmasına baxmayaraq, real təhlükə yaratmaqda çətinlik çəkdiyini vurğulayıb:
“Rəqibin meydanında çox olduq, çoxlu ötürmələr etdik, amma kifayət qədər təhlükəli ola bilmədik. Bu, həmin an ortaya qoyulan keyfiyyətlə bağlıdır. İkinci hissədə ən yaxşı dövrümüzü keçirdik və bəlkə də bərabərlik qoluna layiq idik. Amma pley-offun ev oyununda 90 dəqiqə ərzində cəmi 10 yaxşı dəqiqə mənim üçün kifayət deyil”.
Van den Brom cavab görüşündə komandasının şansının qaldığını da qeyd edib:
“Əgər gələn həftə öz səviyyəmizdə oynasaq, bu axşam göstərdiyimizdən daha çox şey edə bilərik. Daha yaxşı oyun keçirməliyik. Hesab cəmi 0:1-dir. Futbolda həmişə şans var və biz də bunun üçün mübarizə aparacağıq”.
“Tvente”nin futbolçusu Daan Rots da məğlubiyyətdən sonra məyus olduqlarını, lakin cavab görüşünə ümidlə baxdıqlarını bildirib:
“İndi əsas hiss etdiyimiz məyusluqdur. Amma paltardəyişmə otağında bir-birimizə dedik ki, hesab cəmi 0:1-dir. Gələn həftəyə başımız dik getməliyik. İkinci hissədə oyunun böyük hissəsini onların meydanında keçirdik. Hər şey ideal deyildi, amma oyuna nəzarət edə və imkanlar yarada bildiyimizi göstərdik”.
Bart van Roy isə “Qarabağ”ın az sayda imkandan maksimum yararlandığını vurğulayıb:
“0:1 uduzmaq məyusedicidir. Pis oynamırdıq, oyunda idik. Amma bu səviyyədə elə olur ki, özünü yaxşı hiss etdiyin anda top birdən qapında olur. Onların çox imkanı olmadı, amma qol vurdular. Bizdə isə alınmadı. Panikaya düşməməliyik. Cavab oyunu üçün hələ kifayət qədər şansımız var”.
Qeyd edək ki, “Qarabağ” Niderlandda “Tvente”ni 1:0 hesabı ilə məğlub edib. Cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.
