İsrailin Beer-Şeva şəhərini təmsil edən “Hapoel” futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Sabah”a qarşı meydana çıxacaq start heyətini demək olar ki, müəyyənləşdirib.
“İdman.Biz” İsrail mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Ran Kozux “Srvena Zvezda” ilə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda meydana çıxan futbolçulara güvənmək niyyətindədir. Start “11-liy”ində dəyişiklik gözlənilmir.
“Hapoel”in ehtimal olunan heyəti: Ofir Marsiano, Qay Mizrahi, Pedro Amador, Migel Vitor, İtay Rotman, Lukas Ventura, Eliel Perets, Niv Yeoşua, Ceyvon İst, Zahi Əhməd və İqor Zlatanoviç.
Qeyd edək ki, komanda ilə birlikdə İsrail çempionunun yeni transferi Yonass Malede də Buxarestə yollanıb. 26 yaşlı hücumçu Təl-Əviv “Makkabi”sindən transfer olunub və 3 illik müqavilə imzalayıb. “Walla Sport”un məlumatına görə, “Hapoel” bu transfer üçün təxminən 100 min avro ödəyib. Forvard artıq avrokuboklarda iştirak üçün sifariş edilib və “Sabah”la oyunda yeni klubunda debüt edə bilər.
Bununla yanaşı, nominal meydan sahibinin azarkeş dəstəyi də ciddi olacaq. İsrailli fanatlar artıq Rumıniyanın paytaxtına gəlməyə başlayıblar. Ümumilikdə qarşılaşmada “Hapoel”in 1000-ə yaxın azarkeşinin iştirakı gözlənilir.
Matç Buxarestin “Rapid” klubunun ev oyunlarını keçirdiyi “Juleşti” stadionunda baş tutacaq. “Hapoel” üçün Buxarest neytral ev meydanı rolunu oynayır. Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətinə görə İsrail klubları UEFA turnirlərindəki oyunlarını ölkə xaricində keçirməkdə davam edirlər. Çempionlar Liqasının cari mövsümündə əvvəlki mərhələlərdə Beer-Şeva təmsilçisi rəqiblərini Macarıstanın Sombathey şəhərində qəbul edib, pley-offdan əvvəl isə Rumıniyaya köçüb.
Hər iki komanda seçmə mərhələnin həlledici raunduna inamlı qələbələrdən sonra yüksəlib. “Hapoel” üçüncü təsnifat mərhələsində Belqradın “Srvena Zvezda”sını iki oyunda məğlub edib - 1:0 və 2:0. “Sabah” isə ilk görüşdə Danimarkanın “Orhus” komandasına 1:2 hesabı ilə uduzduqdan sonra Bakıda rəqibini 4:0 hesabı ilə darmadağın edib və ümumi 5:2 hesablı nəticə ilə pley-offa yüksəlib.
Əlavə edək ki, “Hapoel” - “Sabah” arasında ilk oyun avqustun 19-da Buxarestdə, cavab qarşılaşması isə avqustun 25-də Bakıda keçiriləcək. İki oyunun nəticəsinə əsasən üstün olan komanda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.
