“Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu”.
Bu sözləri “Şamaxı”nın gürcüstanlı futbolçusu Tornike Axvlediani Premyer Liqanın ilk turunda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
25 yaşlı hücumçu Ağdam klubunun üstün oyun nümayiş etdirdiyini vurğulayıb.
“Rəqibimiz meydanda çox yaxşı təsir bağışladı. Fürsətdən istifadə edib “Qarabağ”a avrokubok oyunlarında uğurlar arzulayıram. Əlbəttə, onlar bu gün bizdən daha üstün idilər. Lakin nəzərə almaq lazımdır ki, bizim yeni formalaşan gənc komandamız var. Öz üzərimizdə çox çalışmalı və gələcəkdə daha güclü kollektivə çevrilməliyik”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Axvlediani hesabı bərabərləşdirdikdən heç-heçəni qoruya bilməmələrinin səbəbini komandanın təcrübəsizliyi ilə əlaqələndirib:
“Bərabərlik qolunu vursaq da, ardını gətirə bilmədik. Çünki komandamız gənclərdən təşkil olunub və təcrübə çatışmazlığı var. Buna baxmayaraq, “Qarabağ” kimi güclü rəqiblə matçda fərqlənmək komandamız üçün böyük motivasiya oldu. Növbəti qarşılaşmalarda daha yaxşı nəticələr göstərmək üçün var gücümüzlə çalışacağıq”.
