“Bavariya”nın qapıçısı Manuel Noyer “Leypsiq”lə yoldaşlıq görüşündən (3:1) sonra gələcəklə bağlı planlarından danışıb.
İdman.Biz xəbər verir ki, təcrübəli qolkiperin fikirlərini Goal.com nəşr edib.
“Əvvəla deməliyəm ki, hisslərim yaxşıdır. Hər bir yoldaşlıq oyununa, kiminlə qarşılaşmağımızdan asılı olmayaraq, ciddi yanaşmaq lazımdır. Biz həmçinin Asiyada “Aston Villa”ya qarşı oynadıq və indi olduğu kimi, çox inamlı oyun nümayiş etdirdik. Təbii ki, çoxlu əvəzetmələr oldu, məşqçi futbolçulara oyun vaxtı verməyə və yükü bir qədər bölüşdürməyə çalışdı. Biz qələbəyə layiq idik və yaxşı oyun göstərdik.
Gələn yay karyeranı başa vurmaq? Mən hər şeyin öz axarı ilə getməsinə imkan verəcəyəm, sonra nə baş verəcəyinə baxacağam. Mən mövsümü ən yüksək hədəflər uğrunda mübarizə aparmaq məqsədi ilə keçirəcəyəm. Bundan sonra nə olacağını isə görəcəyik”, – deyə Noyer bildirib.
Qapıçının “Bavariya” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. Noyer ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 40 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.
