“Real Madrid” akademiyanın yetirməsini 10 milyona satır - VİDEO

14 Avqust 2026 14:37
143
“Real Madrid” akademiyanın yetirməsini 10 milyona satır - VİDEO

İspaniyanın “Real Madrid” futbol akademiyası yetirmələrindəb birini satır.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin 20 yaşlı hücumçusu Yakobo Orteqa Fransanın “Strasbur” klubuna keçməyə yaxındır. Tərəflər 10 milyon avro (19.4 milyon AZN) qarşılığında futbolçunun hüquqlarının 70 faizinin satışına dair razılığa gəliblər.

“Strasbur” əvvəlcə oyunçunun hüquqlarının 50 faizi üçün səkkiz milyon avro təklif edib. Danışıqların davamında həm məbləğ, həm də alınacaq pay artırılıb və yekunda 10 milyon avro qarşılığında 70 faiz üzrə razılıq əldə olunub. “Real Madrid” futbolçunun hüquqlarının 30 faizini özündə saxlayacaq.

Bu transfer “Real Madrid” akademiyası üçün tarixi göstərici olacaq. Orteqa La Liqada əsas komandanın heyətində debüt etmədən satılan ən bahalı “La Fabrika” yetirməsinə çevriləcək.

Gənc hücumçu ötən mövsüm əsasən “Real Madrid C”nin heyətində çıxış etsə də, “Kastilya”dakı zədələr səbəbindən birinci əvəzedici komandada da şans qazanıb. O, mövsüm ərzində “Real Madrid C”, “Kastilya” və U-19 komandasının heyətində ümumilikdə 18 qol vurub.

Orteqaya İspaniyadan da maraq olub. Xüsusilə “Elçe” onun transferi üçün ciddi cəhd göstərib. Buna baxmayaraq, futbolçu Liqa 1-də çıxış edən və “Çelsi”nin də daxil olduğu BlueCo qrupuna məxsus “Strasbur”un layihəsini seçib.

Yakobo Orteqanın satışı “Real Madrid”in bu yay akademiya yetirmələrinin transferindən əldə etdiyi ümumi gəliri 199 milyon avroya (386 milyon AZN) çatdıracaq.

İdman.Biz