Fabyen Bartes Fransa millisində

13 Avqust 2026 15:32
152
Fabyen Bartes Fransa millisində

Fabyen Bartes Fransa millisinin məşqçilər korpusuna daxil olub.

İdman.Biz xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) mətbuat xidməti məlumat yayıb.

55 yaşlı mütəxəssis qapıçılar üzrə məşqçi təyin edilib.

Xatırladaq ki, daha əvvəl Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub. Onun məşqçilər korpusunda David Bettoni, Hamidu Msaidı, Qreqori Düpon, Stefan Plank, Farid Tabet və Klement İber də yer alıb.

Fabyen Bartes dünya və Avropa çempionudur. O, “Marsel”in heyətində Çempionlar Liqasının qalibi olub, “Mançester Yunayted”lə iki dəfə İngiltərə çempionluğu, “Monako” ilə isə iki dəfə Fransa çempionluğu yaşayıb.

Bartes futbolçu karyerasını 2007-ci ildə başa vurub və həmin vaxtdan məşqçilik fəaliyyəti ilə məşğul olmayıb.

Zidanın rəhbərliyi altında Fransa millisinin ilk oyunu sentyabrın 25-də keçiriləcək. “Üçrənglilər” Millətlər Liqasının qrup mərhələsinin I turunda səfərdə Türkiyə ilə qarşılaşacaq.

İdman.Biz