“Milli komanda qələbə qazanıbsa, buna ancaq sevinməliyik. Düzdür, rəqiblər də o qədər güclü deyildi, amma qələbə qələbədir”.
Bu sözləri Azərbaycan millisinin sabiq üzvü Nadir Nəbiyev deyib.
Azərbaycan millisinin “FİFA Series” turnirinin qalib olması ilə bağlı danışan keçmiş hücumçu qazanılan iki qələbəyə istehza ilə yanaşmanın düzgün olmadığını bildirib.
“Bu oyunların əsas faydası o oldu ki, məşqçilər komandada olan boşluqları görə bildilər. Nəzərə almaq lazımdır ki, milli uzun müddət idi ki, qələbə qazana bilmirdi. Əgər biz qələbəni belə tənqid ediriksə, məğlub olsaq, nə edərdik. Nə qədər desək ki, rəqiblərimiz zəif idi, inanıram ki, bu qələbə milli komandanı daha da ruhlandıracaq”, - deyə o, qol.az-a açıqlamasında söyləyib.

N.Nəbiyev bildirib ki, bu oyunlara əsasən Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı çıxışı haqda proqnoz vermək tezdir. O, Lixtenşteyn və Litvanın Azərbaycan millisindən güclü olmadığını, amma oyunların asan keçməyəcəyini də qeyd edib:
“Rəqiblərimiz “FİFA Series” turnirindəkilərdən daha ciddi komandalardır. Həmin oyunlara daha ciddi hazırlaşıb yaxşı nəticə qazanmaq lazımdır.
Həm Lixteynşteyn, həm də Litva milli komandalarının son oyunlarına baxanda görürük ki, rəqiblərə ciddi müqavimət göstəriblər, bəzən də qələbə qazanıblar. Bu oyunların bizim üçün çətin keçəcəyini indidən deyə bilərik. Məşqçilərin seçim imkanı da çox deyil. Bununla belə, milli komandamızı hər iki rəqibdən daha üstün sayıram. Nə olursa olsun, bu qrupdan lider olaraq çıxmalıyıq”.
N.Nəbiyev onu da bildirib ki, Ayxan Abbasovun milliyə baş məşqçi təyinatından sonra komandada qələbə istəyi, əzmkarlıq artıb ki, bu da yaxşı nəticələrə ümid verir:
“Bir neçə ildir milli komanda ugurlu çıxış etmir. Fernandu Santuşun gəlişindən sonra yaxşı nəticə olacağına ümid etsək də, daha da pis oldu. Ayxan Abbasovun gəlişindən sonra ən çox nəzərə çarpan meydançada futbolçuların əzmkarlığı, bir də son saniyəyə qədər mübarizə aparmasıdır”.
