Acı məğlubiyyətin şirin nəticəsi - İDMAN.BİZ-in İCMALI

29 Yanvar 2026 10:44
127
Acı məğlubiyyətin şirin nəticəsi - İDMAN.BİZ-in İCMALI

Ağdamın “Qarabağ” klubu ötən gecə əvvəlcə öz antirekordunu təkrarladı, daha sonra isə Azərbaycan futbolunun tarixini növbəti dəfə yenidən yazdı.

İdman.Biz xəbər verir ki, əvvəlcə “Liverpul”a 0:6 hesablı məğlubiyyətlə mənfi göstəricisini təkrarladı. Belə ki, “Qarabağ” eyni hesabla 2017-ci il sentyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsində (indiki adı ilə əsas mərhələdə) digər bir İngiltərə nəhəngi - “Çelsi”yə də uduzmuşdu.

Tarix ikinci dəfə slovakiyalı hakim İvan Krujlyakın final fitindən dərhal sonra yenidən yazıldı. Bu fit yalnız Qurban Qurbanovun yetirmələrinin sarsıdıcı məğlubiyyətini deyil, eyni zamanda onların böyük qələbəsini - “Qarabağ”ın öz tarixində və bütövlükdə Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsini rəsmiləşdirdi.

Bəli, “Liverpul”un ən uzaq səfəri onun rəqibi üçün əsl ziddiyyətli hisslərlə yadda qaldı. 7 saatlıq uçuş, 4157 kilometrlik məsafə, altı cavabsız buraxılan qol və buna baxmayaraq, Çempionlar Liqasının cari mövsümündə ən yaxşı 24 klub sırasına düşmək. Doğrudan da, bunu yalnız Qurban Qurbanov bacara bilərdi. Bu səkkiz oyunluq əsas mərhələdə “Qarabağ” yerli futbol azarkeşlərinə o qədər fərqli və güclü emosiyalar yaşatdı ki, onların təsiri bir neçə növbəti avrokubok mövsümünə bəs edər.

Əvvəlcə “Benfika” ilə oyunda möhtəşəm kambek (3:2) və “Kopenhagen” üzərində inamlı qələbə (2:0). Ardınca Bilbao “Atletik”indən gözlənilməz “yerə eniş” (1:3) və “Çelsi” ilə oyundan sonra eyni dərəcədə gözlənilməz yüksəliş (2:2). Daha sonra “Napoli”yə gözlənilən məğlubiyyət (0:2) və həmin vaxta qədər xalı olmayan “Ayaks”dan tamamilə gözlənilməz fiasko (2:4). Nəhayət, bu “marlezon baleti”nin sonunda “Ayntraxt” üzərində möhtəşəm və əzmkarlıqla qazanılmış qələbə (3:2) və onun ardınca “Liverpul”dan eyni dərəcədə sarsıdıcı və tam iradəsiz məğlubiyyət (0:6).

Lakin böyük məşqçi Valeri Lobanovskinin dediyi kimi, “oyun unudulur, nəticə isə əbədi qalır”. Bu halda nəticə sadəcə möhtəşəmdir – Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliş. Üstəlik, “Napoli”, “Ayaks”, eləcə də adlı-sanlı “Marsel” və “Vilyarreal” kimi klublar turnirdən kənarda qalıb.

Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ” indi növbəti rəqibinin kim olacağını gözləməlidir. Bu, əsas mərhələni müvafiq olaraq 11-ci və 12-ci yerlərdə tamamlayan PSJ və ya “Nyukasl” olacaq. Lakin rəqib kim olursa-olsun, bir şey dəqiqdir: bu klubu asan oyun gözləmir. “Qarabağ” artıq sübut edib ki, istənilən rəqiblə, hətta klublararası dünya çempionu ilə belə, bərabər səviyyədə mübarizə apara bilər. Elə isə Çempionlar Liqasının hazırkı qalibi ilə qarşılaşmaqdan niyə qorxmaq lazımdır?

İdman.Biz