Qurban Qurbanov: “Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz”

29 Yanvar 2026 11:15
86
Qurban Qurbanov: “Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz”

“Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz. Bəli, bu gün PSJ bizim üçün böyük ad kimi görünür, amma ümumən Premyer Liqa, ingilis klubları fərqlidir. Dünən oyunda da buna şahid olduq. Hansı xeyirlidirsə, o da olsun”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Liverpul”la oyundan sonra Bakıya qayıdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Çox sevindiricidir. İllər boyu çox əziyyət çəkmişdik. İkinci dəfə idi ÇL-in qrup mərhələsində idik. Bu il oyunların sayını çox oldu. Sonradan işimiz elə gətirdi ki, bu gün 22-ci komanda olduq. Bu, Azərbaycan futbolu üçün böyük nailiyyətdir” - deyə Q.Qurbanov potensial rəqiblərlə bağlı sualı cavablandırarkən deyib.

“Qarabağ”ın baş məşqçisi azarkeşlərə də müraciət edib:

“Onlara təşəkkür edirəm. Bizə əlavə motivasiya verirlər. Bu uğur onların haqqıdır. Bir daha göstərdilər ki, bizim yanımızdadırlar”.

Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinin son turunda İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzub. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

İdman.Biz