“Şadam ki, artıq “Mançester Yunayted” yaxşı oyun nümayiş etdirir” - Azərbaycanlı qrossmeysterin İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
26 Yanvar 2026 17:31
82
“Şadam ki, artıq “Mançester Yunayted” yaxşı oyun nümayiş etdirir” - Azərbaycanlı qrossmeysterin İDMAN.BİZ-ə AÇIQLAMASI

İngiltərə Premyer Liqasında (İPL) “Mançester Yunayted”in son uğurları “Qırmızı şeytanlar”ın uzun illərdir sadiq və fəal azarkeşi olan Azərbaycanın aparıcı qrossmeysterlərindən biri Rauf Məmmədovu da biganə qoymayıb.

İdman.Biz-in məlumatına görə, İPL-in son iki turunda “Mançester Yunayted” çempionatın liderləri olan “Mançester Siti”ni (2:0) və “Arsenal”ı (3:2) məğlub edib. Bu nəticələr sayəsində yeni baş məşqçi Maykl Karrikin rəhbərliyi altında “Qırmızı şeytanlar” turnir cədvəlində dördüncü pilləyə yüksəlib və hətta çempionluq mübarizəsinə qoşulmaq şansı əldə ediblər.

“Mançester Yunayted”in azarkeşi olan azərbaycanlı qrossmeyster Rauf Məmmədovun fikrincə, bu qələbələrdə klubun yeni baş məşqçisinin rolu böyükdür.

“Mançester Yunayted”in son iki qələbəsi məni çox sevindirdi. Həm də xoşdur ki, məşqçi öz adamıdır. Düşünürəm ki, Sulşer də özümüzdən idi. Klubda həm nəticə, həm də oyun istəyirdilər və indi bunlar var. Ona görə də Karrikin “Mançester Yunayted”in başında olmasına sevinirəm. Komandanın çempionluq uğrunda mübarizə aparıb-aparmayacağına gəlincə isə, hesab edirəm ki, bu mövsüm əsas məqsəd yenə də Çempionlar Liqasına vəsiqə qazanmaqdır”, – deyə Məmmədov bildirib.

Qeyd edək ki, daha əvvəl mediada Ule Qunnar Sulşerin “Mançester Yunayted”in mümkün qayıdışı ilə bağlı məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi seçimində Karrikə üstünlük verib.

Bu il üçün planlarından danışan qrossmeyster bildirib ki, hazırda bütün diqqətini fevral ayında keçiriləcək Azərbaycan çempionatına hazırlığa yönəldib. Xatırladaq ki, Rauf Məmmədov həmin turnirdə son çempion statusunda çıxış edəcək.

“Hazırda Azərbaycan çempionatına hazırlaşıram və ötənilki uğuru təkrarlamağa çalışacağam. Turnir, əlbəttə ki, ötənilkindən fərqli olacaq, çünki Teymur Rəcəbov, Vasif Durarbəyli və Vüqar Əsədli iştirak etməyəcəklər. Buna baxmayaraq, çempionat çox güclü və rəqabətli keçəcək”, – deyə şahmatçı qeyd edib.

Rauf Məmmədov həmçinin hazırda Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” turnirində çıxış edən azərbaycanlı qrossmeyster Aydın Süleymanlının oyununa da münasibət bildirib. Hazırda Aydın lider cütdən yarım xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

“Aydın əladır, artıq ikinci ildir ki, birinci yer uğrunda mübarizə aparır. Ona uğurlar arzulayıram və inanıram ki, sonda qələbə qazanacaq”, - deyə R.Məmmədov əlavə edib.

Xatırladaq ki, ötən il Aydın Süleymanlı Veyk-an-Ze turnirində 1-2-ci yerləri bölüşmüş, lakin əlavə göstəricilərə görə ikinci pillə ilə kifayətlənmişdi.

İdman.Biz