Tedesko: “Əgər kimsə günahlandırılacaqsa, o mən olmalıyam”

Xəbərlər
26 Yanvar 2026 01:29
95
Tedesko: “Əgər kimsə günahlandırılacaqsa, o mən olmalıyam”

Türkiyə Super Liqasının 19-cu turunda “Fənərbağça”nın öz meydanında “Göztəpə” ilə 1:1 hesablı heç-heçə etməsindən sonra baş məşqçi Domeniko Tedesko matçı şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunda çoxlu qol imkanları yaratdıqlarını və ümumilikdə nəzarətin komandasının əlində olduğunu bildirib. Onun sözlərinə görə, yüksək sprint məsafələri olan, təşkilatlanmış rəqibə qarşı oynayıblar və ikinci hissədə müəyyən eniş yaşanıb. Tedesko gecikən qərarların və ötürmələrdəki dəqiqlik probleminin nəticəyə təsir etdiyini qeyd edib.

Baş məşqçi mövsümün hələ çox uzun olduğunu vurğulayıb. O, ardıcıl olaraq güclü komandalarla qarşılaşdıqlarını, ümumi gedişatdan razı qaldığını və iki xal itkisinə baxmayaraq qalibiyyətə daha yaxın tərəfin “Fənərbağça” olduğunu bildirib. Tedesko belə nəticələrin futbolda qaçılmaz olduğunu və diqqətin qarşıdakı oyunlara yönəldilməli olduğunu deyib.

Domeniko Tedesko bəzi futbolçular ətrafında yaranan müzakirələrə də toxunub. Onun fikrincə, oyunçularla bağlı kəskin yanaşmalar düzgün deyil və prosesə daha sakit, mərhələli yanaşmaq lazımdır.

Mütəxəssis sonda buraxılan qolla bağlı məsuliyyəti üzərinə götürüb. O, Yiğit Efenin ümumilikdə yaxşı oyun göstərdiyini, səhvlərin isə futbolun bir hissəsi olduğunu bildirib və əlavə edib ki, bu matçda kimsə günahlandırılacaqsa, bu, futbolçu yox, məhz özü olmalıdır.

İdman.Biz