“Ayntraxt”ı məğlub etmək çox çətin olacaq, amma bu, mümkündür” - Mahmud Qurbanovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
17 Yanvar 2026 17:47
60
“Ayntraxt”ı məğlub etmək çox çətin olacaq, amma bu, mümkündür” - Mahmud Qurbanovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Qarabağ” - “Ayntraxt” arasında Çempionlar Liqasının əsas mərhələsinin oyunu təkcə azərbaycanlı azarkeşlər deyil, yerli futbol mütəxəssisləri arasında da böyük maraq doğurur. Çünki indiyədək 7 xal toplamış ağdamlılar üçün bu görüş faktiki olaraq pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından son şansdır. Komandanı qarşıda “Liverpul”la səfər oyunu gözləyir və ən qatı optimistlər belə həmin matçda klubumuzun uğur qazanacağına çətinliklə inanırlar. Bəs “Qarabağ” Frankfurt klubunu məğlub edərək Avropanın ən güclü 24 komandası sırasına düşə bilərmi?

Bu suallarla İdman.Biz futbol veteranı, Azərbaycan çempionatının on ikiqat qalibi Mahmud Qurbanova müraciət edib.

“Düşünürəm ki, hazırda hər şey “Qarabağ”ın öz əlindədir. Komanda qalib gəlsə, 10 xalla son turda “Liverpul”la oyunun nəticəsindən asılı olmayaraq Çempionlar Liqasında mübarizəni davam etdirməyi faktiki olaraq təmin edəcək. Heç-heçə olarsa, şanslar çox az da olsa qalacaq. Məğlubiyyət halında isə, təəssüf ki, turnirlə vidalaşmaq lazım gələcək.

Komanda öz meydanında oynayır ki, bu da böyük üstünlükdür. Amma “Ayntraxt” da hazırda Bundesliqada çıxış etdiyi üçün oyun ritmindədir, bizim çempionatda isə hələ də qış fasiləsi davam edir.

Almanları məğlub etmək son dərəcə çətin olacaq, amma mümkündür və hamımız bunu istəyirik. Sonda növbəti mərhələyə keçmək alınıb-alınmayacağını bilmirəm, lakin yanvarın 21-də “Qarabağ”ın ən azı uduzmamaq gücü var”, – deyə Mahmud Qurbanov bildirib.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

İdman.Biz