“Kəpəz”in gürcüstanlı sabiq yarımmüdafiəçisi: “Maddi baxımdan böyük fərq var idi” - MÜSAHİBƏ

Müsahibə
27 Dekabr 2025 12:30
38
“Kəpəz”in gürcüstanlı sabiq yarımmüdafiəçisi: “Maddi baxımdan böyük fərq var idi” - MÜSAHİBƏ

“Çində. Bu ölkənin birinci liqasında çıxış edən “Guangxi Hengchen” klubu ilə razılığa gəldim. Müqavilə 2 illikdir”.

Bunu “Kəpəz”in gürcüstanlı sabiq yarımmüdafiəçisi Rati Ardazişvili futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Kəpəz”in baş məşqçisi Azər Bağırov sizinlə Gəncə klubuna qayıtmaqla bağlı danışıqlar apardıqlarını, ancaq maliyyə məsələsində razılığa gələ bilmədiyinizi açıqlayıb…

– Bəli, düz deyib. Aramızda danışıqlar oldu. “Kəpəz”lə yanaşı, daha iki klubdan təklif almışdım. Mən də aralarında ən sərfəli təklifə “hə” dedim. Bu səbəbdən Azərbaycana qayıdışım alınmadı.

– Karyeranızı hansı ölkədə davam etdirəcəksiniz?

– Çində. Bu ölkənin birinci liqasında çıxış edən “Guangxi Hengchen” klubu ilə razılığa gəldim. Müqavilə 2 illikdir. Təkliflər arasında maddi baxımdan böyük fərq var idi. Buna görə də Çinə yollanmağı üstün tutdum.

– Azərbaycandan “Kəpəz”dən başqa sizinlə maraqlanan klub yox idi?

– Xeyr, Azərbaycandan başqa təklifim yox idi. Ölkənizdən mənimlə ancaq “Kəpəz” danışıq aparırdı.

– “Kəpəz”in cari mövsümdəki çıxışı ilə maraqlanırsınız? Sizcə, sabiq komandanızın performansını qənaətbəxş saymaq olar?

– Əlbəttə, “Kəpəz”in oyunları, nəticələri ilə maraqlanıram, daim diqqətdə saxlayıram. Mövsümə yaxşı başlamadılar, xeyli sayda matçda məğlubiyyət yaşadılar. Bu, ötən sezonun əvvəlində də müşahidə olunmuş hal idi. Amma Azər Bağırovun qayıdışından sonra vəziyyət dəyişdi. Onun dönüşünə çox sevindim. O, güclü məşqçidir, çətin məqamlarda vəziyyəti necə dəyişəcəyini yaxşı bilir. Ümid edirəm ki, bu mövsüm də həm “Kəpəz”, həm də Azər Bağırov üçün yaxşı nəticələnəcək.

– Necə düşünürsünüz, “Kəpəz” Premyer Liqadakı yerini qorumağı bacaracaq? Azər Bağırov yenə bu missiyanın öhdəsindən gələ biləcəkmi?

– Mən buna inanıram. Bağırovun qayıdışından sonra müsbət mənada çox fərq var. Bu, turnir cədvəlində də öz əksini tapdı, komanda sonunci yerdən qurtuldu. Düzdür, hazırda cədvəldə son 3 komandanın xal durumu bir-birinə yaxındır. Bununla belə, “Kəpəz”in Premyer Liqada qalacağına, Bağırovun yenə qarşısına qoyulan missiyanın öhdəsindən gələcəyinə ürəkdən inanıram.

İdman.Biz