Karyerasını davam etdirən 58 yaşlı yaponiyalı futbolçu dünya gündəmində

Xəbərlər
22 Dekabr 2025 15:59
37
Karyerasını davam etdirən 58 yaşlı yaponiyalı futbolçu dünya gündəmində

Əfsanəvi yapon hücumçusu Kazuyoşi Miura Cey-liqanın üçüncü divizionunda çıxış edən “Fukusima Yunayted” klubuna keçməyə yaxındır və peşəkar futbol karyerasında 41-ci mövsümünə başlamağa hazırlaşır.

İdman.Biz “Japan Times” nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı forvard yeni komandaya bir illik icarə əsasında qoşulacaq. Miura ötən mövsüm Cey-liqanın dördüncü divizionunda mübarizə aparan “Atletiko Sudzuka” klubunun formasını geyinib.

Transferin rəsmi elanının yaxın günlərdə açıqlanacağı gözlənilir. Qeyd olunur ki, Miuranın son illərdəki keçidləri adətən 11 yanvar saat 11:11-də elan edilir. Bu da onun oyun nömrəsinə edilən simvolik bir istinaddır.

Geridə qalan mövsümdə Miura yeddi oyunda meydana çıxıb. Komandası isə çempionatın yekununda regional liqalara düşüb. Hücumçu fevral ayında 59 yaşını qeyd edəcək.

Xatırladaq ki, Kazuyoşi Miura peşəkar futbolda debütünü 1986-cı ildə Braziliyanın “Santos” klubunda edib. O, karyerası ərzində İtaliya, Xorvatiya, Avstraliya və Portuqaliya klublarında da çıxış edib. Miura 1993-cü ildə Cey-liqanın yaradılmasından sonra Yaponiyada futbolun populyarlaşmasında əsas fiqurlardan biri sayılır. Yaponiya millisinin heyətində isə 89 oyunda 55 qol vurub.

İdman.Biz