Vyetnam qadın futbol millisinin yarımmüdafiəçisi Nquyen Ti Biç Tuy 33-cü Cənubi-şərqi Asiya Oyunlarının finalında Filippin yığmasına məğlubiyyətdən sonra hakim qərarına görə dərin psixoloji sarsıntı yaşadığını bildirib.
İdman.Biz “VnExpress”ə istinadla xəbər verir ki, final oyununun 29-cu dəqiqəsində Van Su tərəfindən cərimə meydançasına göndərilən ötürmədən sonra Biç Tuy iki müdafiəçinin arasından çıxaraq baş zərbəsi ilə topu qapının sağ küncünə yönəldib. Lakin yan xətt hakimi ofsayd işarəsi verib və qol qeydə alınmayıb.
Futbolçu həmin an yaşadıqlarını belə təsvir edib:
“O anda çox təəccübləndim. Ofsaydda mən idim, yoxsa ötürmə verən Van Su, bunu bilmirdim. Etiraz etdik, amma heç nə dəyişmədi. Yan hakim bayrağı qaldırandan sonra baş hakim qərarı qəbul etdi və qolu saymadı. Filippin futbolçuları oyunu bərpa etdi, biz də müdafiəyə çəkilməli olduq və artıq etiraz edə bilmədik”.

Epizodu sonradan izlədikdən və ofsaydda olmadığını gördükdən sonra Biç Tuy özünü çox məyus hiss etdiyini deyib. O, mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib. Futbolçu gecə boyu ağladığını və yata bilmədiyini bildirib.

“Özümü dəhşətli dərəcədə pis hiss edirəm, kədərliyəm və peşmanlıq içindəyəm. Hakim həyatımın ən gözəl başla vurulan qolu məndən aldı. Bütün gücümüzlə mübarizə apardıq, amma qızıl medalı qoruya bilmədik. Azarkeşlərdən üzr istəyirəm”, - deyə Biç Tuy qeyd edib.
