Türkiyə Super Liqasında baş tutan “Qaziantep” - “Beşiktaş” oyunundan sonra ünvanına səslənən tənqidlərə hakim Halil Umut Meler münasibət bildirib.
İdman.Biz “Sözcü” nəşrinə istinadla xəbər verir ki, Halil Umut Meler “Beşiktaş” camiəsindən gələn reaksiyaları anlıq emosional yanaşmalar kimi qiymətləndirib. Təcrübəli referi qeyd edib ki, qaydalar tez-tez fərqli prizmalardan şərh olunur.
“Qaydaları hər kəs özünə görə şərh edir. Hamı özünü haqlı sayır. Mən 22 ildir hakimlik edirəm, davamlı təlimlərdən keçirik, elit kateqoriyadayam. Amma nəticədə insanıq. Həkim səhv edir, xəstəsini itirir, pilotun səhvi təyyarə qəzasına səbəb olur. Qüsursuz insan yoxdur. Keçən il əcnəbi VAR hakimləri gəldi, nə dəyişdi? “14 kamerayla necə görmürlər?”, - deyə danışırlar. Görürük, amma VAR-da hər şeyə müdaxilə etmək olmur. Qaydaları UEFA müəyyənləşdirib və yalnız icazə verilən epizodlara müdaxilə edə bilirik”, - deyə hakim vurğulayıb.
Halil Umut Meler “Qaziantep FK” - “Beşiktaş” qarşılaşmasında VAR hakimi kimi fəaliyyət göstərməsinin “Beşiktaş” azarkeşləri və klub rəhbərliyi tərəfindən sərt reaksiya ilə qarşılandığını, lakin bunun onun işinə təsir etmədiyini bildirib:
Dünya futbolunda hakimlərə münasibəti Türkiyə ilə müqayisə edən Meler, mədəni fərqlərə və texnoloji yeniliklərə də toxunub. O, süni intellektin və şəffaflığın futbola verdiyi töhfələri xüsusi vurğulayıb:
“Qərb ölkələrində hakimlər bu qədər gündəm olmur. Biz hələ o mədəni səviyyədə deyilik. Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələrdə də oyunlar idarə etmişəm, bizə daha yaxındırlar. Orada da hakimlər bəzən birtərəfli mühakimə olunur. Elmin inkişafı, süni intellektin futbola verdikləri var. Bildiyimə görə, federasiyanın sisteminə Super Liqa klubları da qoşula bilir və matç epizodları - səhvlər, qırmızı vərəqələr, doğru qərarlar - yaşıl zolaqla detallı şəkildə izah olunur. Bu, həqiqətən də çox dəyərli bir yenilikdir”.
