“Beş oyun keçirdik. İstərdik ki, xal ehtiyatımız daha çox olsun”.
Azərbaycan millisinin və “Şamaxı” klubunun baş məşqçisi Ayxan Abbasov "Podkat" "YouTube" layihəsində futbolumuzun problemləri və gənc futbolçuların inkişafı barədə fikirlərini bölüşüb.
Ayxan Abbasov bildirib ki, planlarda olmayan hadisələr baş verib, çünki layihə əsasən U-21 komandası ilə bağlı idi:
“Həmin dövrdə rəhbərliklə birlikdə qısa zamanda gənc futbolçuların inkişafını, formalaşmasını və nəticə əldə olunmasını istəyirdik”.
Baş məşqçi vurğulayıb ki, milli komanda istefaya göndərildikdən sonra hadisələr sürətlə cərəyan edib:
“Beş oyun keçirdik. İstərdik ki, xal ehtiyatımız daha çox olsun. Rəqiblər kifayət qədər güclü idi, amma bu qrupdakı bütün oyunlar bizim üçün böyük təcrübə oldu”.
Onun sözlərinə görə, heyətin əksəriyyəti gənclərdən ibarətdir və bu il debüt edən oyunçular çox olub:
“Ən önəmlisi milli ruh formalaşdırdıq. Futbolçular indi meydana çıxarkən daha məsuliyyətli yanaşırlar”.
