Misli Premyer Liqasının 15-ci turunda keçirilən “Qarabağ” - “Araz-Naxçıvan” oyunu (5:1) Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyıb.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixində yüksək liqada keçirilən 6000-ci oyun olub.
Buna qədər Premyer Liqada 5999 matç oynanılıb və onların nəticələri turnir cədvəllərində əksini tapıb. Keçirilən 6000 oyundan 279-u texniki nəticə ilə yekunlaşıb.
Azərbaycan çempionatları ilk dəfə 1992-ci il mayın 3-də start götürüb. Hazırda turnir 34-cü mövsümünü yaşayır. İlk iki mövsüm yaz–payız sistemi ilə keçirilsə də, sonrakı illərdə payız–yaz formatına keçilib. 2001/2002 və 2019/2020 mövsümləri isə müxtəlif səbəblərdən yarımçıq dayandırılıb.
Qeyd edək ki, cari mövsümdə indiyədək 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi qeydə alınıb.
