Şotlandiya Liqa Kubokunun final oyunu keçirilib və turnirin qalibi bəlli olub.
İdman.Biz xəbər verir ki, Hampden Park stadionunda baş tutan həlledici görüşdə “Sent Mirren” “Seltik” üzərində 3:1 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb.
Matçın 2-ci dəqiqəsində Markus Freyzer hesabı açaraq “Sent Mirren”i önə keçirib. İlk hissədə “Seltik” Reo Hatatenin 23-cü dəqiqədə vurduğu qolla tarazlığı bərpa etsə də, ikinci hissədə təşəbbüs tamamilə rəqib komandaya keçib. 64-cü və 76-cı dəqiqələrdə Cona Ayunqanın qolları “Sent Mirren”ə inamlı qələbə qazandırıb.
Paisli şəhərini təmsil edən və təxminən 80 min əhalisi olan “Sent Mirren” klubu tarixində ikinci dəfə Şotlandiya Liqa Kubokunu qazanıb. Bu, klubun ümumilikdə beşinci böyük titulu olub.
Qeyd edək ki, muzeyində 120-dən çox kubok olan “Seltik” isə yeni baş məşqçisi Uilfrid Nansinin rəhbərliyi altında keçirdiyi ilk üç oyunun hamısında məğlubiyyətlə üzləşib.
