İlqar Qurbanov “Sabah” - “Barselona” oyunu ilə bağlı danışdı

25 Noyabr 2026 14:46
39
İlqar Qurbanov “Sabah” - “Barselona” oyunu ilə bağlı danışdı

“Çempionlar Liqasında oynamaq və belə komandanı Bakıya gətirmək böyük uğurdur. Matçın hər dəqiqəsindən zövq almalıyıq”.

Bunu Azərbaycan milli komandasının idman direktoru İlqar Qurbanov bu gün Çempionlar Liqasının beşinci turunda keçiriləcək “Sabah” - “Barselona” oyunu ilə bağlı danışarkən deyib.

O bildirib ki, qarşılaşmanın nəticəsindən asılı olmayaraq, əsas diqqət gözəl futbola və komandaya azarkeşlik etməyə yönəlməlidir.

“Çünki nəticədən danışa bilmərik. “Barselona”nın gücü, tarixi bəllidir. Sevinməliyik ki, bir Azərbaycan komandası “Barselona” ilə oynayır”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

İ.Qurbanov qarşılaşmanın maraqlı və baxımlı keçəcəyini düşündüyünü vurğulayıb:

“Sabah”ın öz oyun sxemi, dəst-xətti var. Hər oyuna eyni şəkildə hazırlaşırlar. Bunu həm çempionatda, həm də Çempionlar Liqasında keçirdikləri matçlarda görürük. Ona görə də düşünürəm ki, maraqlı və gözəl oyun olacaq”.

Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. İkinci turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. Üçüncü turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, dördüncü turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.

Turnir cədvəlində “Barselona” səkkizinci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.

İdman.Biz