“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 15-ci turunda “Qarabağ”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın komanda üçün çətin keçdiyini bildirib.
Onun sözlərinə görə, həftə ərzində müəyyən plan üzərində çalışıblar və oyunun ilk 20–25 dəqiqəsində bunu meydanda görməyə çalışıblar. Baxşıyev vurğulayıb ki, buraxılan ilk qol komandaya psixoloji təsir göstərib və epizod daha çox öz səhvlərinin nəticəsi olub.
Baş məşqçi oyunun ümumi mənzərəsini dəyərləndirərək qapılarına təyin olunan iki penalti və fərdi səhvlərin sonda böyükhesablı nəticəyə gətirib çıxardığını qeyd edib. O, artıq “Qarabağ” matçını arxada qoyaraq qarşıdakı son oyuna köklənəcəklərini bildirib.
Elmar Baxşıyev mətbuatda onun gələcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, bu cür xəbərlər futbolçulara da təsir edir: “Mən bu kluba özüm gəlməmişəm, dəvət olunmuşam. Üzərimə düşən işi görməyə çalışıram. Haqqımda yazılanlar həm futbolçulara, həm də bizə təsirsiz ötüşmür. Qərar mənim əlimdə deyil. Əgər davam etsələr, işləyəcəyik, əks halda verilən qərarı normal qarşılayacağıq”.
