Türkiyəli bloqer Cem Kutlu sosial şəbəkə hesabında “Qarabağ” klubunun loqosu ilə bağlı paylaşım edib.
O, klub üçün yeni loqo dizaynı hazırlayıb. Sosial şəbəkə istifadəçiləri loqo barədə müxtəlif fikirlər səsləndiriblər. Azarkeşlərin bir qismi loqonun yenilənməsinin tərəfdarı olduğunu bildirsə də, digərləri mövcud loqonun dəyişdirilməsinə ehtiyac olmadığını vurğulayıb.
Mövzu ilə bağlı İdman.Biz “Qarabağ” Futbol Klubuna sorğu ünvanlayıb. Klubdan verilən cavabda loqonun dəyişdirilməsi ilə bağlı hər hansı müzakirənin aparılmadığı qeyd olunub:
“Son günlər klubumuzun loqosu ilə bağlı müxtəlif təkliflər və müzakirələr səsləndirilir. “Qarabağ’ FK olaraq bildiririk ki, hazırda loqonun dəyişdirilməsi istiqamətində hansısa rebrendinq prosesinin aparılması gündəmdə deyil. İctimaiyyətin və mütəxəssislərin rəylərini hər zaman hörmətlə qarşılasaq da, “Qarabağ” FK loqosunun dəyişdirilməsi nəzərdə tutulmur”.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” bu gün növbəti oyununa çıxacaq. Təmsilçimiz Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək
Yusif Sadıqlı
