İtaliya mətbuatı Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Napoli” - “Qarabağ” oyunu ərəfəsində Ağdam klubunu tərifləməkdə davam edir.
İdman.Biz xəbər verir ki, yerli nəşrlər “Qarabağ”ın hazırda turnirin ən maraqlı komandalarından biri olduğunu yazırlar.
Belə ki, “CalcioNapoli1926”nın analitik materialında qeyd olunur: “Bu, cari Çempionlar Liqasının ən böyük kəşfidir. Dörd turdan sonra “Qarabağ”ın yeddi xal var - bu qədər xal “Çelsi”, “Barselona” və “Atalanta”nın da aktivindədir”.
Jurnalistlər vurğulayırlar ki, qrup cədvəli gözlənilməz görünür: azərbaycanlılar “Napoli”dən yuxarıdadır və artıq “Benfika”nı (3:2) və “Kopenhagen”i (2:0) məğlub etməyi, həmçinin “Çelsi” ilə heç-heçə (2:2) oynamağı bacarıblar.
“La Gazzetta dello Sport”un dərc etdiyi məlumatda isə deyilir: “İlk dörd oyunda yeddi xal - artıq bu, “Qarabağ”ı turnirin ilk hissəsinin əsas sensasiyası adlandırmaq üçün kifayətdir”.
İtaliya mətbuatı Azərbaycan klubunun strukturuna və fəlsəfəsinə də böyük diqqət ayırır. Qeyd olunur ki, “Qarabağ” uğurlarını böyük büdcələrə deyil, sabitliyə, uzunmüddətli yanaşmaya və güclü komandaya söykənərək qurur. “Areanapoli” yazır: “Qurban Qurbanovun komandası dəqiq təşkilatlanmanın və kollektiv intizamın nümunəsidir. Bu, illərdir inkişaf edən və nəticə verən bir layihədir”.
İtalyanlar Ağdam klubunun avrokuboklardakı çıxışını da xüsusi qeyd edirlər. “CalcioNapoli24”ün materialında vurğulanır: “Azərbaycan klubu bu mövsüm Avropada keçirdiyi on oyundan yalnız ikisində uduzub. Digərləri - qələbələr və heç-heçələrdir. Bu, sabit və özünəinamlı komandadır”.
Jurnalistlər “Qarabağ”ın hücum xəttinə xüsusi diqqət ayırırlar. Leandro Andrade ən təhlükəli oyunçu kimi xarakterizə olunur, epizodları fərdi ustalıqla həll edə bilən futbolçu kimi dəyərləndirilir. Andrade-Duran tandemi isə istənilən rəqib üçün əsas təhlükə mənbəyi hesab olunur.
İtaliya mətbuatının ümumi tonu qətidir: Neapoldakı oyun asan keçməyəcək. “Qarabağ” sadəcə təəccübləndirən komanda deyil, bu mövsüm Çempionlar Liqasının gedişatında kiçik bir inqilab yaradan kollektiv kimi dəyərləndirilir.
Xatırladaq ki, “Napoli” - “Qarabağ” oyunu bu gün Neapolda, yerli “Dieqo Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlanacaq.
Teymur Tuşiyev
