“Real Madrid”in gənc yarımmüdafiəçisi Franko Mastantuono göstəricilərinə baxmayaraq hələ də özünün ən yüksək səviyyəsinə çatmadığını düşünür və inkişaf üçün çalışmaqda davam etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, Mastantuono açıqlamasında yaşadığı pubalgiya problemi ilə bağlı da danışıb.
Mastantuono bildirib ki, ağrılar uzun müddətdir davam edir və klubdan ona tam bərpa üçün müəyyən fasilə verməyi xahiş edib. Gənc futbolçu hazırda zədədən tam sağalmaq üçün ciddi şəkildə çalışdığını qeyd edib.
Mastantuono “Real Madrid”də olmaqdan qürur duyduğunu da əlavə edib: “Mən dünyanın ən yaxşı klubundayam. Mən “Real Madrid” azarkeşiyəm. Bu, təzyiq məsələsi deyil”.
O həmçinin vurğulayıb ki, klubda futbolçu olmağın məsuliyyətindən zövq almağa çalışır və məhz bu yanaşmanın onun ən yaxşı versiyasını ortaya çıxaracağına inanır.
Qeyd edək ki, Franko Mastantuono hazırda Madrid klubunun ən perspektivli futbolçularından biri kimi göstərilir və müasir Argentina futbolunun yüksələn adları arasında yer alır.
